Azərbaycan, Bakı, 19 oktyabr /Trend, müxbir T.Cəfərov/
İran və Pakistan Daxili İşlər nazirliklərinin nümayəndələri Tehranda iki ölkə arasında təhlükəsizlik məsələlərini müzakirə edəcəklər. Bunu İranın daxili işlər nazirinin müşaviri Höccətullah Damyad deyib. Bu barədə Trend İranın "Fars" xəbər agentliyinə istinadən məlumat verir.
Damyad bildirib ki, iki ölkənin təhlükəsizlik komitəsinin yeddinci iclası oktyabrın 22-23-də Tehranda keçiriləcək. İclasa İran tərəfindən daxili işlər nazirinin müavini Əli Abdullahi, Pakistan tərəfdən bu ölkənin daxili işlər nazirinin müavini Sədiq Əkbər başçılıq edəcək.
Onun sözlərinə görə, iclasda iki ölkə arasında təhlükəsizlik sahəsində, terrorçuluq və mütəşəkkil cinayətkarlıqla mübarizə, müştərək sərhədlərə nəzarət, narkotik maddələr qaçaqmalçılığı, insan alveri, silah qaçaqmalçılığı sahələrində əməkdaşlığın artırılması müzakirə olunacaq.