...

İqbal Ağazadə: Azərbaycanda müxalifət birləşmədikcə zəifləyir

Siyasət Materials 19 Oktyabr 2011 16:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 oktyabr /Trend, müxbir T.Hacıyev/

Partiya sədri indiki dövrdə Azərbaycan müxalifətinin birliyinin mümkün olmadığını deyir.

"Bu gün Azərbaycan reallığında fərdlərin bir-birilərinə münasibətləri siyasi münasibətlərin də tənzimlənməsinə təsir edir. Azərbaycanda şəxslərə istiqamatlənən siyasi institutlaşma təşəkkül tapıb. Buna görə də şəxsi münasibətlər siyasətdə ciddi rol oynayır. Bu isə kökündən yalnış olan bir məsələdir", - bu barədə çərşənbə günü Trend-ə müxalif Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə bildirib.

Ağazadə hesab edir ki, müxalifət birləşmədikcə zəifləyir.

"Müxalifətin zəifliyi aradan qaldırmaq üçün gücləri birləşdirməlidir. Bütün müxalif güclər səfərbər olunmalıdır ki, müxalifətin ümumi zəifliyi aradan qalxsın. Azərbaycan müxalifətinin birləşməsi üçün bu gün sosial sifarişdən öncə müxalifətin özünün sifarişi olmalıdır", - o qeyd edib.

Ağazadə bir neçə partiyanın İctimai Palatada fəaliyyət göstərdiyini və 5 siyasi partiyanın isə hazırda birlik modeli axtarmaq istiqamətində danışıqlar apardığını xatırladıb. O əlavə edib ki, rəhbərlik etdiyi partiyanın da təmsil ounduğu "Beşlik"dəki heç bir partiyanın İctimai Palataya qoşulmaq fikri yoxdur.

Azərbaycan müxalifətində formalaşmış iki cəbhənin nəyə görə bir-birinə yaxınlaşmasının mümkün olmadığı barədə sualı cavablandıran Ağazadə deyib ki, bu cəbhələrdə yaxınlaşma əldə etmək olduqca çətin məsələdir.

"Bəzi məqamlarda münasibətlər o qədər kəskinləşib ki, bu münasibətlər çərçivəsində yeni konfiqurasiya yaratmaq mümkün deyil. Yaxınlaşmanın baş verməsi üçün həm zaman lazımdır, həm də proseslərin bir az fərqli istiqamətdə inkişaf etməsinə şərait yaratmaq lazımdır", - partiya sədri vurğulayıb.

Hazırda AXCP və Müsavatın da daxil olduğu Azərbaycanın müxalifət partiyalarının bir qismi İctimai Palatada birləşib. Klassik Xalq Cəbhəsi (KXCP), Liberal (ALP), Vətəndaş və İnkişaf (VİP), Demokrat (ADP) və Ümid partiyaları isə birlik modeli formalaşdırmaq üçün partiya sədrləri səviyyəsində mütəmadi danışıqlar aparırlar.

Xəbər lenti

Xəbər lenti