...

İranda Azərbaycanın müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş "dəyirmi masa" keçirilib

Siyasət Materials 21 Oktyabr 2011 18:05 (UTC +04:00)
İranın rəsmi xəbər agentliyi - İRNA-da Azərbaycanın Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü münasibətilə "dəyirmi masa" təşkil olunub.
İranda Azərbaycanın müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş "dəyirmi masa" keçirilib

Azərbaycan, Bakı, 21 oktyabr /Trend, müxbir M.Əliyev/

İranın rəsmi xəbər agentliyi - İRNA-da Azərbaycanın Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü münasibətilə "dəyirmi masa" təşkil olunub. Trend-in məlumatına görə, bu barədə Azərbaycanın İrandakı səfirliyindən cümə günü bildirilib.

"Dəyirmi masa"da Azərbaycanın İrandakı səfiri Cavanşir Axundov, İran Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə ikinci idarəsinin rəis müavini Rza Kondori, Tehran Universitetinin professoru Afşir Zərgəri və digər rəsmi şəxslər iştirak ediblər.

Tədbir iştirakçıları Azərbaycanın dövlət müstəqilliyinin qorunması və möhkəmləndirilməsində ümummilli lider Heydər Əliyevin rolu, Prezident İlham Əliyevin rəhbərliyi altında son illərdə ölkəmizin əldə etdiyi nailiyyətlər, dövlətimizin həyata keçirdiyi tarazlaşdırılmış xarici siyasətin uğurlu nəticələri barədə geniş fikir mübadiləsi aparıblar. Həmçinin, Xəzərin Azərbaycan sektorunun karbohidrogen ehtiyatlarının istismarı və neftin nəqlində çoxşaxəliliyin təmin edilməsi, əhalinin rifahının yüksəlməsi və sosial-iqtisadi inkişafa dair dövlət proqramlarının icrası, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin regional təhlükə mənbəyi olması məsələləri ilə bağlı səmərəli müzakirələr olub.

Qeyd edilib ki, təcavüzkar Ermənistan tərəfindən ölkəmizin ərazi bütövlüyünə qarşı qəsd edilməsinə baxmayaraq, Azərbaycan uğurla inkişaf etməkdədir. Azərbaycanın həyata keçirdiyi mehriban qonşuluq və səmimi dostluq siyasəti region üçün əhəmiyyətli nəticələr verib. Bu siyasət, eyni zamanda, Azərbaycan-İran münasibətlərinin davamlı inkişafını təmin edib.
Sonda "dəyirmi masa"nın iştirakçıları İRNA agentliyi əməkdaşlarının suallarını cavablandırıblar.

Xəbər lenti

Xəbər lenti