...

Ukraynadakı azərbaycanlı gənclər Azərbaycanın dövlət müstəqilliyinin 20-ci ildönümünü qeyd ediblər (FOTO)

Siyasət Materials 25 Oktyabr 2011 11:17 (UTC +04:00)
Azərbaycanın dövlət müstəqilliyinin 20-ci ildönümü münasibətilə Ukrayna Azərbaycanlı Gənclər Birliyi Odessa şəhərində bayram konserti təşkil edib.
Ukraynadakı azərbaycanlı gənclər Azərbaycanın dövlət  müstəqilliyinin 20-ci ildönümünü qeyd ediblər (FOTO)

Azərbaycan, Bakı, 25 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanın dövlət müstəqilliyinin 20-ci ildönümü münasibətilə Ukrayna Azərbaycanlı Gənclər Birliyi Odessa şəhərində bayram konserti təşkil edib.

Birlikdən Trend-ə verilən məlumata görə, Azərbaycanla Ukraynanın dövlət himnlərinin sədaları altında başlayan bayram tədbirini Azərbaycanın Ukraynadakı səfirliyinin 2-ci katibi Sabir Rzayev açaraq, 1991-ci ildə dövlət müstəqilliyini əldə edən Azərbaycan Respublikasının ötən 20 il müddətidə qazandığı yüksək nailiyyətlərdən danışıb.

Müstəqil dövlətimizin sürətlə inkişaf etdirilməsində ulu öndər Heydər Əliyevin həyata keçirdiyi neft strategiyasının müstəsna rolundan bəhs edən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Ukraynadakı nümayəndəliyinin rəhbəri Elçin Məmmədov bu gün ölkəmizdə aparılan uğurlu və məqsədyönlü siyasət nəticəsində xalqımızın milli mənəvi dəyərlərinə sahib çıxmasının fərəhləndirici hal olduğunu diqqətə çatdırıb.

Tədbirə qatılanları Azərbaycanın dövət müstəqilliyinin 20-ci ildönümü münasibəti ilə təbrik edən Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Azər Xudiyev ötən 20 il müddətində dünyanın müxtəlif ölkələrində yaşayan 50 milyondan çox azərbaycanlının milli məfkurə atrafında birləşməsini müstəqillik tariximizin ən uğurlu strategiyalarından biri kimi dəyərləndirib.

Tədbirdə Dnepropetrovsk Azərbaycanlıları Konqresinin sədri Qüdrət Hacıyev, Ukrayna Azərbaycanlı Gənclər Birliyinin sədri Anar Tahirov, Birliyin Odessa vilayət təşkilatının sədri Samirə Əliyeva və digər çıxış edənlər təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş müstəqil Azərbaycan dövlətinin inkişaf etdirilməsində və xalqımızın haqq səsinin beynəlxalq ictimaiyyətə çatdırılmasında xaricdə yaşayan soydaşlarımızın üzərinə düşən öhdəliklərdən danışıblar.

Tədbirdə gənc və istedadlı müğənni Aysel Teymurzadənin, Dnepropetrovsk şəhərində fəaliyyət göstərən 7 rəqs ansanblının, ö cümlədən bir sıra xalqların musiqi kollektivlərinin iştirakı ilə keçirilən konsert proqramı müstəqillik tariximizin 20 illik sevincini bölüşən soydaşlarımıza xoş və yadda qalan anlar yaşadıb.

Tədbirin sonunda Ukraynada Azərbaycan dövlət müstəqilliyinin 20-ci ildönümü münasibətilə təşkil olunan ən yaxşı tədbirə görə UAGB-nin Odessa vilayət təşkilatının sədri Samirə Əliyevaya fərqlənmə medalı təqdim olunub.

Xəbər lenti

Xəbər lenti