Azərbaycan, Bakı, 4 noyabr / Trend, müxbir E.Tariverdyeva /
Azərbaycanın rus və yəhudi icması Rusiya Prezidenti Dmitri Medvedevə və Ümumrusiya Dövlət Televiziya və Radio Yayımları Şirkətinin (ÜDTRYŞ) baş direktoru Oleq Dobrodeyevə aparıcı Vladimir Solovyovun Azərbaycanın ünvanına səsləndirdiyi təhqiramiz çıxışla bağlı müraciət edib.
"2011-ci il noyabrın 1-də "Vesti FM" radiostansiyasının efirində "Vladimir Solovyovla səhər. Tam əlaqə" proqramında Azərbaycan Respublikası və Azərbaycan xalqının ünvanına açıq-aydın təhqiramiz çıxışlar səsləndirilib", - Azərbaycan Parlamentinin deputatları Mixail Zabelin və Yevda Abramovun imzaladığı məktubda deyilir.
Məktubda bildirilir ki, Solovyov jurnalist etikasını pozaraq azərbaycanlıları "bir damcı erməni qanının onlar üçün vəhşi qeyri-insani və heyvani nifrət predmeti olan tərəf" adlandırmağı özünə rəva bilib.
"Azərbaycanlı dinləyicilərin tamamilə ədalətli qəzəbinə cavab olaraq Solovyov onları "öz çirkin ağzını RF vətəndaşlarının üstünə açmağa" cəsarət edən "alçaq adamlar" adlandırıb", - müracitədə deyilir.
Müraciətdə qeyd edilir ki, aparıcı Azərbaycanı "irqçi ölkə" kimi təqdim etməyə cəhd edərək açıq şəkildə azərbaycanlıları və onların biznesini boykot etməyə çağırıb.
"Eyni zamanda Rusiya Yəhudi Konqresinin rəyasət heyətinin üzvü olan Solovyov azərbaycanlıların ermənilərə münasibətini Xolokost və "yəhudi xalqının faciəsi" ilə eyniləşdirməyi özünə rəva bilib. Biz - Azərbaycanın rus və yəhudi icmasının nümayəndələri Solovyovun davranışı və çoxmillətli Azərbaycan xalqının ünvanına səsləndirilən təhqirlərlə bağlı öz etirazımızı bildiririk. Hesab edirik ki, onlarla millətin sülh və dostluq şəraitində yaşadığı ölkəni irqçilikdə günahlandırmaq ehtiramsızlıqdır", - müraciətdə deyilir.
Məktubda bildirilir ki, şübhəsiz belə təxribatlar iki ölkə arasında mehriban qonşuluq münasibətlərinin pisləşməsinə yönəlib.
Müraciətdə deyilir ki, o fakt xüsusilə məyus edir ki, təhqiramiz ifadələr, millətlərarası nifrətin qızışdırılmasına açıq şəkildə ekstremist çağırışlar iri dövlət media korporasiyasının - ÜDTRYŞ-nin tərkibinə daxil olan radiostansiyanın efirində səsləndirilib.
"Bununla əlaqədar Sizdən birbaşa efirdə Azərbaycan xalqının ünvanına təhqirlərə yol verən "jurnalist" barəsində tədbir görməyinizi xahiş edirik. Ümid edirik ki, antiazərbaycan kartı oynamağa və Azərbaycan və Rusiya münasibətlərini parçalamağa çalışan qüvvələr layiqli cəzalarını alacaqlar", - məktubda deyilir.