...

Ziyafət Əsgərov: Moldova hakimiyyəti Ermənistana qanunsuz silah satışı məsələsinə ciddi yanaşır

Siyasət Materials 11 Noyabr 2011 11:38 (UTC +04:00)
Moldovanın Ermənistana silah satışı qalmaqalı ilə bağlı Moldova Silahlı Qüvvələrinin Baş Qərargah rəisi işdən azad olunub. Bu da onu göstərir ki, Moldova hakimiyyəti qanunsuz silah satışı məsələsinə ciddi yanaşır.
Ziyafət Əsgərov: Moldova hakimiyyəti Ermənistana qanunsuz silah satışı məsələsinə ciddi yanaşır

Azərbaycan, Bakı, 11 noyabr / Trend müxbir E.Mehdiyev/

Moldovanın Ermənistana silah satışı qalmaqalı ilə bağlı Moldova Silahlı Qüvvələrinin Baş Qərargah rəisi işdən azad olunub. Bu da onu göstərir ki, Moldova hakimiyyəti qanunsuz silah satışı məsələsinə ciddi yanaşır. Trend-in məlumatına görə, bunu cümə günü jurnalistlərə Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov deyib.

Onun sözlərinə görə, Ermənistana qanunsuz silah satışı ilə bağlı Moldova rəsmiləri izahat və bəyanat veriblər, çünki Azərbaycan Moldova ilə tərəfdaş dövlətdir.

"Biz GUAM təşkilatında birlikdə fəaliyyət göstəririk. Əlbəttə ki, bizə yaxın olan bir ölkənin Azərbaycanın başı üstündən belə hərəkətlər etməsi bizi razı sala bilməz və bununla əlaqədar onlar izahat verdilər", - Əsgərov deyib.

Bir qədər öncə Moldova Prezidenti Marian Lupu ölkənin Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Yuriy Dominici tutduğu vəzifədən azad edib. Müvafiq fərmanın hərbi qanunvericiliyin gələcəkdə pozulmasının qarşısını almaq üçün imzalandığı bildirilsə də, yerli qəzetlərin yazdığına görə, moldovalı generalın istefaya göndərilməsinin əsl səbəbi Ermənistanla gizli silah sövdələşməsinin üstünün açılması olub.

Meydana çıxmış bu qalmaqal Moldovanın siyasi dairələrində hay-küyə səbəb olub. Moldovanın hakim dairələrində ehtiyat edirlər ki, bu qalmaqal Moldova-Azərbaycan və GUAM çərçivəsindəki əməkdaşlığa əngəl ola bilər. Söhbətin artilleriya və tank əleyhinə qurğulardan getdiyi xəbər verilir. Bu silahların iri yük təyyarəsi ilə sentyabrın 13-də Kişinyovdan İrəvana çatdırıldığı bildirilir. Yaranmış qalmaqal Moldova Nazirlər Kabineti ilə Müdafiə Nazirliyi arasında ixtilafa səbəb olub. Məsələ ilə bağlı araşdırma başlayıb.

Xəbər lenti

Xəbər lenti