Bakı. Trend:
İran tranzit və yükdaşıma sahəsində, eləcə də limanlarla yükdaşıma sahəsində qonşu ölkələrlə çoxtərəfli əməkdaşlığı inkişaf etdirməyə çalışır.
Trend-in məlumatına görə, bunu İran xarici işlər naziri Seyid Abbas Əraqçi Tehranda keçirilən İranda "Nəqliyyat Həftəsi"nə həsr olunan tədbirdə deyib.
Onun sözlərinə görə, İran öz geosiyasi mövqeyindən maksimum şəkildə faydalanmağa çalışır. Bu məqsədlə qonşu ölkələrlə baş tutan bütün görüşlərdə tranzit və yükdaşıma prioritet məsələ olaraq araşdırılır.
Əraqçi bildirib ki, tranzit və yükdaşıma sahəsində etibarlı marşrutlar olmadan heç bir ticarət əməkdaşlığı, regional əməkdaşlıq və davamlı bazar iqtisadiyyatı formalaşa bilməz.
“İranın xarici siyasətində tranzit və yükdaşıma kənar məsələ deyil. Bu, iqtisadi diplomatiyanın əsas vasitələrindən biri hesab olunur”, - deyə o qeyd edib.
