Bakı. Trend:
Fransada Yelisey sarayının gümüş qab-qacaqlarına cavabdeh olan əməkdaş və daha iki nəfər qiymətli süfrə ləvazimatlarının oğurlanması şübhəsi ilə məhkəməyə çıxarılacaq.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Paris prokurorluğu məlumat yayıb.
Bildirilib ki, Yelisey sarayı dövlət ziyafətləri və rəsmi tədbirlərdə istifadə olunan çini, gümüş və digər dəyərli qab-qacaq nümunələrinin yoxa çıxması ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib. İtən əşyaların ümumi dəyərinin 15–40 min avro arasında olduğu qeyd olunur.
Prokurorluğun məlumatına görə, gümüş qab-qacaqlara cavabdeh şəxs Tomas M. və onun tərəfdaşı Damien G. oğurluq şübhəsi ilə saxlanılıb. Digər şəxs — Gislen M. isə oğurlanmış əşyaları əldə etməkdə şübhəli bilinir. Fransada şəxsi məlumatların qorunması qaydalarına əsasən, ad-soyadlar tam açıqlanmayıb.
İstintaq zamanı Yelisey sarayı əməkdaşlarının ifadələri şübhələrin əsasən Tomas M.-nin üzərində cəmləşdiyini göstərib. Bildirilib ki, o, inventar siyahılarında etdiyi şübhəli düzəlişlərlə oğurluqları əvvəlcədən gizlətməyə çalışıb.
Araşdırmalar zamanı Tomas M.-nin şəxsi dolabında, avtomobilində və evində təxminən 100 ədəd əşya aşkarlanıb. Onların arasında mis qazanlar, "Sevr" çini qabları və "Baccarat" markalı şampan qədəhləri də var.
Prokurorluq həmçinin Yelisey sarayının əsas təchizatçılarından olan "Sevr" fabrikinin bəzi əşyaları onlayn hərrac saytlarında tanıdığını və onların bir qisminin artıq geri qaytarıldığını açıqlayıb.
Qeyd edək ki, iş üzrə məhkəmə prosesi fevral ayında keçiriləcək.