...

Peşə yönümlü testlərin məktəblərdə tətbiqi üçün Elm və Təhsil Nazirliyi ilə əməkdaşlıq edə bilərik – DİM sədri

Cəmiyyət Materials 20 Dekabr 2025 14:40 (UTC +04:00)
Peşə yönümlü testlərin məktəblərdə tətbiqi üçün Elm və Təhsil Nazirliyi ilə əməkdaşlıq edə bilərik – DİM sədri
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Mən valideynlərə müraciət etmək istəyirəm: uşağı ilə məşğul olmaq istəyən hər bir valideyn psixometrik testlərdən istifadə etməlidir. Hər bir uşağın psixoloji xüsusiyyətlərini, bilik səviyyəsini və maraqlarını müəyyənləşdirərək hansı peşənin ona daha uyğun olduğunu göstərən, tam işlək bir alət mövcuddur.

Bunu Trendmüsahibəsində Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə bildirib.

DİM sədri qeyd edib ki, peşə yönümlü testlər uşaqların gələcəyini formalaşdıracaq:

“Biz bu testləri 8, 9, 10 və 11-ci sinif şagirdləri üçün hazırlamışıq. Əgər valideyn uşağı ilə ciddi şəkildə məşğul olmaq istəyirsə, buyurub gələ bilər — ona bütün məlumatlar təqdim olunur. Testin müddəti orta hesabla 3 saatdır və bu test kimisə imtahan edib bal vermək məqsədi daşımır. Psixometrik testlərin əsas məqsədi özünü anlamaq, yeniyetmənin psixoloji vəziyyətini və ona uyğun uğurlu ola biləcəyi sahələri müəyyənləşdirməkdir”.

Məleykə Abbaszadə vurğulayıb ki, “Pulum var, müəllim tutmuşam, bəsdir” düşüncəsi doğru yanaşma deyil:

“Testdən sonra əlavə suallar yaranarsa, psixoloqlarımız fərdi şəkildə kömək edə bilərlər. Əgər valideyn fərdi psixoloq dəstəyi istəmirsə, alternativ bir üsul da təklif edirik: Test nəticələrini süni intellektə daxil edərək əlavə məsləhət almaq mümkündür. Bu testin nəticələri dəqiqdir. Nəticələrlə bağlı kifayət qədər statistika toplanıb. “Psixometrik testlər”in müəlliflik hüququ da bizə məxsusdur. Bu, bizim hazırladığımız və Azərbaycana məxsus olan testdir. Beynəlxalq praktikada oxşar testlər mövcuddur, lakin ingilis dilində olan həmin testlərin nə dilimizə tərcüməsi, nə də qiymətləndirmə meyarları bizim reallığımıza uyğun gəlmir. Testlər 3–4 min nəfər üzərində aparılıb və konkret nəticələr əldə olunub. Təəssüf ki, bu testlərlə bağlı müraciət edən valideynlərin sayı azdır. Bəzi şirkətlər testləri alıb özləri tətbiq etmək istəyirlər, lakin biz testləri satmırıq. Bunun əvəzinə test nəticələrinə əsaslanan peşəyönümlü fərdi məsləhət sistemi yaratmışıq — gəlib testdən keçsinlər və məsləhət alsınlar. Bu sahədə məktəblərlə müqavilə bağlamaq, Elm və Təhsil Nazirliyi ilə əməkdaşlıq etmək mümkündür. Gənclər və İdman Nazirliyi ilə müqaviləmiz olub və həmin çərçivədə 2000 nəfər bu testlərdən keçib”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti