Bakı. Trend:
Tailand Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının (ASEAN) xarici işlər nazirlərinin Kuala-Lumpurda keçirilən xüsusi görüşündən sonra Kamboca ilə sərhəddə münaqişə zonasında atəşkəs rejiminin tətbiq edilməsi ehtimalını istisna etmir.
Trend-in məlumatına görə, bu barədə Tailandın Birgə Mətbuat Mərkəzinin Kamboca ilə sərhəddəki vəziyyətlə bağlı yaydığı, Krallığın Silahlı Qüvvələri və Xarici İşlər Nazirliyinin nümayəndələrinin də daxil olduğu bəyanatda bildirilib.
Bəyanatda qeyd olunur ki, atəşkəs yalnız Tailand ordusunun vəziyyətin qiymətləndirilməsinə əsaslanacağı halda mümkün ola bilər. Vurğulanıb ki, toqquşmaları başladan tərəf Kamboca olduğundan, ilk növbədə o, atəşkəsə hazır olduğunu və bu niyyətində səmimi olduğunu açıq şəkildə nümayiş etdirməlidir. Tailandın əvvəldən həqiqi və davamlı sülh istədiyi bildirilsə də, bunun ölkə vətəndaşlarının təhlükəsizliyi və əmin-amanlığı təmin olunmaqla mümkün ola biləcəyi qeyd edilib.
Eyni zamanda, Tailand tərəfi ASEAN çərçivəsində keçirilən bu görüşdə sərhəd boyunca gərginliyin azaldılmasına dair yanaşmaların müzakirəsi üçün Kambocadan real səmimiyyət gözlədiyini bəyan edib.
Malayziyanın Baş naziri Ənvər İbrahimin təşəbbüsü ilə ASEAN xarici işlər nazirlərinin xüsusi görüşü dekabrın 22-də Kuala-Lumpurda keçiriləcək. Tailand mətbuat mərkəzinin məlumatına görə, görüş həm Tailand, həm də Kambocanın mövqelərini dinləmək, eləcə də iki ölkə arasında sərhəd boyunca gərginliyin azaldılması üçün mümkün yanaşmaları müzakirə etmək imkanı yaradacaq.
