...

ABŞ-ın Kaliforniya ştatının Chapman Universitetinin qarşısında Azərbaycanın bayrağı qaldırılıb (FOTO)

Siyasət Materials 14 Noyabr 2011 07:09 (UTC +04:00)
ABŞ-ın Kaliforniya ştatının Chapman Universitetinin qarşısında Azərbaycanın bayrağı qaldırılıb.
ABŞ-ın Kaliforniya ştatının Chapman Universitetinin qarşısında Azərbaycanın bayrağı qaldırılıb (FOTO)

Azərbaycan, Bakı, 14 noyabr /Trend/

ABŞ-ın Kaliforniya ştatının Chapman Universitetinin qarşısında Azərbaycanın bayrağı qaldırılıb.

Trend-in Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğuna istinadən verdiyi məlumata əsasən, Kaliforniya ştatınıın Orinc dairəsində yerləşən Chapman Universitetində SSRİ-nin süqutundan sonra müstəqil dövlətlərin yaranmasının 20 illiyinə həsr edilmiş geniş konfrans keçirilmişdir.

Konfransı açılış nitqi ilə başlayan Chapman Universitetinin professoru Ceyms Koylun moderatorluq etdiyi ilk panel Azərbaycana həsr edilmişdir. Chapman Universitetinin professoru Ceyms Koyl, Macarıstanın Los Ancelesdəki Baş konsulu və Latviyanın Fəxri konsulunun iştirak etdiyi paneldə Azərbaycanın dövlət müstəqilliyinin bərpasından ötən 20 il ərzində əldə etdiyi nailiyyətlər konfrans iştirakçılarının nəzərinə çatdırılmışdır. 1918-ci ildə müsəlman şərqində ilk demokratik respublikanın əsasının qoyulduğu və qadınlara seçkilərdə iştirak hüququnun verildiyi, Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra iqtisadi-siyasi cəhətdən sürətlə inkişaf edərək regionda aparıcı ölkəyə çevrildiyi, Avropanın enerji daşıyıcıları ilə təmin edilməsi, təhlükəsizlik, terrorizmlə mübarizədə Azərbaycanın Qərblə əməkdaşlığını davam etdirdiyi, ölkədə dinlərarası və mədəniyyətlərarası dialoqun təşviq edildiyi xüsusi vurğulanmışdır.

Gün ərzində davam edən, bir neçə paneldən ibarət konfransda Vladimir Sokor, Aleksandros Petersen, Stiv LeVin kimi siyasi araşdırmaçılar, region ölkələri üzrə ixtisaslaşmış mütəxəssislər çıxış edərək SSRİ-nin süqutundan sonra yaranmış yeni dövlətlərin 20 illik müstəqillik tarixinə nəzər salaraq, bu ölkələrin Avro-Atlantik strukturlara inteqrasiya siyasəti, iqtisadi cəhətdən təhlükəsizliyinin və inkişafının təmin edilməsində oynadıqları rolu qiymətləndirmişdirlər.

Qeyd edək ki, müxtəlif mövzularda danışan natiqlər Azərbaycanın regionda iqtisadi və siyasi cəhətdən aparıcı ölkəyə çevrilməsi, beynəlxalq aləmdə özünü müstəqil ölkə kimi isbat etdiyini dəfələrlə qeyd etmişdirlər. Mütəxəssislər, həmçinin müstəqilliyinin 20 illiyini qeyd edən ölkələr arasında bir sıra sahələri əhatə edən müqayisəli araşdırmaları dinləyicilərin diqqətinə çatdırmışdırlar.

Konfrans iştirakçıları müstəqilliyini möhkəmlətməyə çalışan dövlətlərdən fərqli olaraq, Ermənistanın timsalında çox az sayda dövlətlərin isə müstəqil siyasi qərarlar verə bilmədiyi, bu kimi ölkələrin apardığı siyasətin regionun Avro-Atlantik strukturlara inteqrasiyasına, həmçinin regionun ümumi inkişafına mənfi təsir göstərdiyini bildirmişdirlər.

Konfrans başa çatdıqdan sonra Chapman Universitetinin qarşısındakı "Global Citizens Plaza" meydanında Universitetin tələbələrinin ifa etdiyi Azərbaycan Dövlət Himni sədaları altında Azərbaycan dövlət bayrağı ayrıca Azərbaycan üçün ayrılmış dirəkdə səmaya qaldırılmışdır. 63 ölkənin bayrağının yerləşdirildiyi Chapman Universitetinin "Qlobal Vətəndaşlar Plazası"nda Azərbaycan dövlət bayrağı Los Ancelesdəki Baş konsul vəzifələrini icra edən Ramil Qurbanov tərəfindən qaldırılmışdır. Qeyd edək ki, Azərbaycanın Dövlət Bayrağı Gününə təsadüf edən Bayrağın yerləşdirilməsi mərasimində konfrans iştirakçıları, Chapman Universitetinin akademik heyəti və tələbələri iştirak etmişdir.

Daha sonra, Azərbaycan Respublikasının ABŞ-a yeni təyin olunmuş Fövqəladə və Səlahiyyətli Səfiri Elin Suleymanov AR-in Los Anceles şəhərində Baş konsul fəaliyyəti dövründə Universitetlə və ümumiyyətlə Kaliforniyanın aparıcı akademik heyəti ilə əməkdaşlığına görə Chapman Universitetinin rəhbərliyinin qərarı ilə "Beynəlxalq Əməkdaşlıq üzrə Benjamin Franklin Medalı" ilə təltif olunmuşdur. Konfrans içtirakçıları və Universitetin akademik heyətinin iştirakı ilə keçirilən təqdimat mərasimində mükafat çatdırılması üçün Baş konsul v.i.e. Ramil Qurbanova təqdim edilmişdir.

Xəbər lenti

Xəbər lenti