...

Azərbaycan Prezidenti İlham Əliyev bir sıra rəsmilərlə görüşüb

Siyasət Materials 15 Noyabr 2011 17:33 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Belarus Respublikası parlamentinin Nümayəndələr Palatasının sədri Vladimir Andreyçenkonu qəbul edib.
Azərbaycan Prezidenti İlham Əliyev bir sıra rəsmilərlə görüşüb

Azərbaycan, Bakı, 15 noyabr /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə axşamı Belarus Respublikası parlamentinin Nümayəndələr Palatasının sədri Vladimir Andreyçenkonu qəbul edib.

Trend-in məlumatına görə, Belarus parlamentinin Nümayəndələr Palatasının sədri Vladimir Andreyçenko ölkələrimizin etibarlı və səmimi dostluq münasibətlərindən məmnunluğunu bildirdi. Azərbaycana səfəri zamanı paytaxtımızda həyata keçirilən genişmiqyaslı tikinti və quruculuq işlərinin şahidi olduğunu deyən qonaq ölkəmizin əldə etdiyi uğurların onda böyük təəssürat yaratdığını dedi.

Ölkələrimizin siyasi sahədə uğurlu əməkdaşlıq etdiyini vurğulayan dövlətimizin başçısı əlaqələrimizin genişləndirilməsində qarşılıqlı səfərlərin önəmini qeyd etdi. Prezident İlham Əliyev Belarus Respublikası parlamentinin Nümayəndələr Palatasının sədri Vladimir Andreyçenkonun Azərbaycana səfərinin parlamentlərarası əlaqələrin möhkəmlənməsi işinə xidmət edəcəyini bildirdi.

Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə axşamı ABŞ dövlət katibinin Avrasiya enerji məsələləri üzrə xüsusi nümayəndəsi Riçard Morninqstarı qəbul edib.

Görüşdə Azərbaycan ilə ABŞ arasında ikitərəfli münasibətlərin və eləcə də enerji sahəsində əməkdaşlığın inkişafından məmnunluq ifadə olundu, enerji sahəsində əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparıldı.

ABŞ dövlət katibinin Avrasiya enerji məsələləri üzrə xüsusi nümayəndəsi Riçard Morninqstar ölkəsinin Azərbaycan ilə Türkiyə arasında enerji sahəsində əməkdaşlığa dair əldə olunan son razılaşmanı alqışladığını bildirdi.

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 15-də Dünya Turizm Təşkilatının baş katibi Taleb Rifaini qəbul edib.

Dünya Turizm Təşkilatının baş katibi Taleb Rifai ölkəmizdə turizm sektorunun inkişafına yaradılan yüksək şəraitə görə dövlətimizin başçısına minnətdarlığını bildirdi. O, BMT-nin Dünya Turizm Təşkilatının Baş Assambleyasının Koreyada keçirilən iclasında Azərbaycanın Avropa regionu üzrə təşkilatın vitse-prezidenti seçilməsinin önəmini qeyd etdi. Taleb Rifai Azərbaycanın Dünya Turizm Təşkilatının "Qızıl kitab" hərəkatına qoşulması barədə təşkilatın dəvət məktubunu dövlətimizin başçısına təqdim etdi.

Ölkəmizdə 2011-ci ilin "Turizm ili" elan olunduğunu vurğulayan Prezident İlham Əliyev Azərbaycanda turizm sektorunun dövlətin əsas prioritet sahələrindən biri olduğunu qeyd etdi. Dövlətimizin başçısı gözəl təbiətə və müxtəlif iqlim qurşağına malik olan ölkəmizdə ən müasir və cəlbedici turizm infrastrukturunun yaradılması üçün səylərin daha da artırılacağını dedi.

Xəbər lenti

Xəbər lenti