...

Azərbaycan Prezidenti və xanımı "Nizami" kinoteatrının binasının əsaslı təmir və yenidənqurmadan sonra açılışında iştirak ediblər (ƏLAVƏ OLUNUB) (FOTO)

Siyasət Materials 24 Noyabr 2011 19:01 (UTC +04:00)
Cümə axşamı Bakının "Nizami" kinoteatrının binası əsaslı təmir və yenidənqurmadan sonra açılıb.
Azərbaycan Prezidenti və xanımı "Nizami" kinoteatrının binasının əsaslı təmir və yenidənqurmadan sonra açılışında iştirak ediblər (ƏLAVƏ OLUNUB) (FOTO)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 14:10-da yayılıb)

Azərbaycan, Bakı, 24 noyabr /Trend/

Cümə axşamı Bakının "Nizami" kinoteatrının binası əsaslı təmir və yenidənqurmadan sonra açılıb. Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva açılışda iştirak ediblər.

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya gül dəstəsi təqdim olundu.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev dövlətimizin başçısına və Azərbaycanın birinci xanımına əvvəlcə "Nizami" kinoteatrının fasadında aparılan yenidənqurma işləri barədə məlumat verdi. Bildirildi ki, "Nizami" kinoteatrı görkəmli memar Mikayıl Hüseynovun layihəsi əsasında tikilmiş və 1934-cü ildə istifadəyə verilib. İlk dövrlərdə bu sənət ocağı "Bədaye" kinoteatrı adı altında fəaliyyət göstərib. Daha sonra dahi Azərbaycan şairi Nizami Gəncəvinin 800 illik yubileyi ilə əlaqədar "Nizami" kinoteatrı adlandırılıb.

Prezident İlham Əliyev kinoteatrın rəmzi açılışını bildirən lenti kəsdi.

Dövlətimizin başçısı və xanımı Mehriban Əliyeva binanın foyesində kinoteatrın əvvəlki vəziyyətini, bərpa işlərinin gedişini və yenidənqurmadan sonrakı görüntülərini əks etdirən fotolardan ibarət stendə baxdılar.

Bildirildi ki, uzun illər bu kinoteatrda milli və xarici filmlərin nümayişindən başqa festivallar, müxtəlif mədəni tədbirlər təşkil edilib. Kinoteatrın yay zalının istismarı 1990-cı ildə dayandırılıb, ciddi təmirə ehtiyac duyulan böyük qış zalı isə 2005-ci ildən bağlanıb. Azərbaycan Prezidentinin sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı" çərçivəsində burada aparılan əsaslı təmir və yenidənqurma işləri yüksək səviyyədə başa çatdırılıb. Su və kanalizasiya xətlərinin nasazlığı, yeraltı sular binanın özülünü yararsız hala salmışdı. Ona görə də binanın bünövrəsi tamamilə qazılıb, yükdaşıyan konstruksiyalar gücləndirilib.

Prezident İlham Əliyevə məlumat verildi ki, kinoteatrın binasında dörd zal yaradılıb. Xaricdə istehsal olunan rəqəmsal kinoproyektorlarla, digər kinoqurğularla təchiz edilmiş bütün zallarda işıq, səs, akustika sistemləri yenidən qurulub.

Birinci mərtəbədə yüksək zövqlə və müasir dizaynda qurulan 80 və 50 yerlik zallarda filmlərin izlənməsi üçün hər cür şərait yaradılıb.

Dövlətimizin başçısı və xanımı ikinci mərtəbədə müxtəlif tədbirlərin və təqdimat mərasimlərinin keçirilməsi üçün ideal şəraiti ilə diqqəti cəlb edən foye ilə tanış oldular.

Azərbaycanda 3D filmlərinin nümayişi üçün ən böyük - 18 metrlik ekranın quraşdırıldığı 500 yerlik əsas zal ilə tanışlıq zamanı məlumat verildi ki, burada beş dildə sinxron tərcümə sistemi yaradılıb.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva əsas zalda "Üç müşketyor" filmindən fraqmentləri izlədilər.

Dövlətimizin başçısı üçüncü mərtəbədə kino avadanlığı bölməsində oldu. Bildirildi ki, ilk dəfə olaraq kinoteatrda piratçılığa qarşı şifrələnmiş rəqəmsal kinokopiyanın peyk, internet və ya sərt disk vasitəsilə çatdırılması, yüksək keyfiyyətlə nümayiş etdirilməsi və bütün kinozalların bir məntəqədən idarə olunması nəzərdə tutulub.

Azərbaycan Prezidenti və xanımı 24 nəfərlik VİP zalı ilə tanış oldular, 3D formatlı filmdən fraqmenti izlədilər.

Məlumat verildi ki, kinoteatrda ayrıca konfrans zalı və kiçik kafelər də fəaliyyət göstərəcək.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva kinoteatrın beşinci mərtəbəsində 250 yerlik "Cinema" restoranına baxdılar. Bildirildi ki, retro üslubunda qurulan restoranda səhnə yaradılıb, divarlar məşhur Azərbaycan filmlərindən fraqmentləri əks etdirən fotolarla bəzədilib. Restoranda tamaşaçıların istirahəti üçün hər cür şərait var. Restoranın ən böyük özəlliyi isə ölkəmizdə ilk dəfə məhz burada mövsümə uyğun olaraq mexaniki üsulla açılıb-bağlanan tavanın quraşdırılmasıdır.

Dövlətimizin başçısına və xanımına Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının yenidən qurulmasının layihəsi də təqdim olunub.

Prezident İlham Əliyev layihə ilə bağlı təkliflərini bildirdi.

Diqqətə çatdırıldı ki, "Nizami" kinoteatrında inzibati otaqlarla yanaşı, mətbuat mərkəzi, televiziya qovşağı da yaradılıb. Aparılan əsaslı təmir və yenidənqurma işlərindən sonra kinoteatr tamaşaçılar üçün yüksək rahatlığın təmin olunduğu mədəniyyət ocağına çevrilib. Bu da kinoteatrda yeni filmlərin premyeralarının və möhtəşəm kinofestivalların keçirilməsinə imkan verəcək.

"Nizami" kinoteatrında yaradılmış şəraiti yüksək qiymətləndirən dövlətimizin başçısı tövsiyə və tapşırıqlarını verdi.

Xəbər lenti

Xəbər lenti