Azərbaycan, Bakı, 30 noyabr / Trend müxbir М.Əliyev/
Azərbaycanda bələdiyyələrə keçirilən təkrar, əlavə və yeni seçkilərdə hazırda ən böyük seçici fəallığı Naxçıvan Muxtar Respublikasının ərazisindəki seçki məntəqələrində qeydə alınıb.
Mərkəzi Seçki Komissiyasının nəzdində "Seçkilər" İnformasiya Mərkəzindən çərşənbə günü Trend-ə bildirilib ki, seçkilərin ilk iki saatında Culfa rayonunda seçicilərin 12,7 faizi (1764 nəfər) artıq səs verib.
Muxtar Respublikanın Babək rayonunda fəaliyyət göstərən məntəqələrdə 11,49 faiz, Şərur-Sədərək rayonunda - 11,2 faiz, Şahbuz rayonunda - 10,04 faiz, Şərur rayonunda - 9,2 faiz səsvermə siyahılarında adı olan şəxs artıq səs verib.
Ölkə üzrə səsvermə aktivliyi ən aşağı olan məntəqələr Xaçmaz rayonunda (3,1 faiz) və Sabunçu üçüncü (3,3 faiz) seçki dairələrinin ərazilərində qeydə alınıb. Bu rayonlarda müvafiq olaraq 82 və 177 nəfər səs verib.
Azərbaycanda bələdiyyələrə təkrar, əlavə və yeni seçkilərdə seçici fəallığı yerli vaxtla 10:00-a olan məlumata görə, 6,89 faiz (79 639 seçici) təşkil edir.
Azərbaycanda bələdiyyələrə təkrar, əlavə və yeni seçkilər yerli vaxtla 08:00-da başlayıb.
330 bələdiyyə üzrə 464 yerə 1549 nəfər öz namizədliyini irəli sürüb. Hər boş yerə dörd nəfərə yaxın namizəd düşür.
Seçkilərdə 1 155 864 nəfərin səsvermə hüququ var.