...

Bir sıra ölkələrdə Azərbaycanın ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimləri keçirilir

Siyasət Materials 12 Dekabr 2011 11:16 (UTC +04:00)
Dünyanın bir sıra ölkələrində məskunlaşmış azərbaycanlılar Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edir, ulu öndərin həyat və fəaliyyətindən bəhs edən konfrans, dəyirmi masa, sərgilər keçirirlər.
Bir sıra ölkələrdə Azərbaycanın ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimləri keçirilir

Azərbaycan, Bakı, 12 dekabr /Trend, müxbir M.Əliyev/

Dünyanın bir sıra ölkələrində məskunlaşmış azərbaycanlılar Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edir, ulu öndərin həyat və fəaliyyətindən bəhs edən konfrans, dəyirmi masa, sərgilər keçirirlər.

Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Rusiya Federasiyasının Moskva, Sankt-Peterburq, Yekaterinburq və digər şəhərlərində Ümumrusiya Azərbaycan Konqresi, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi və Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının təşkilatçılığı ilə anım mərasimləri, dəyirmi masa və konfranslar keçirilir.

Ümummilli lideri Ukrayna, Belarus, Estoniya, Litva, Latviya və Moldovada yaşayan azərbaycanlılar da anırlar.

Avropanın ayrı-ayrı ölkələrində, o cümlədən Almaniya, Fransa, İtaliyada, habelə Danimarka, İsveç, Niderland krallıqlarında, Polşa, Rumıniya, Macarıstan, Finlandiya, Çexiyada Azərbaycan xalqının ümummilli liderinin xatirəsinə həsr olunmuş tədbirlər keçirilir. Almaniyanın Berlin, Drezden, Maqdeburq, Frankfurt şəhərlərində dekabrın 11-də keçirilmiş anım mərasimi və xatirə gecələrində toplaşanlara ümummilli liderin şərəfli həyat yolu, onun Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidmətlərindən danışılıb, ulu öndər haqqında sənədli film nümayiş etdirilib. Almaniyadakı Azərbaycan diaspor təşkilatlarının təşəbbüsü, Azərbaycan Respublikasının bu ölkədəki səfirliyi və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə keçirilən tədbirlərdə azərbaycanlılarla yanaşı, yerli ictimaiyyətin, türk, yəhudi, rus və digər millətlərin nümayəndələri iştirak ediblər.

Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimləri Türkiyənin bir sıra şəhərlərində də keçirilir. Bu gün Ankarada ümummilli liderin xatirəsinə həsr olunmuş anım mərasimi keçiriləcək. Anım tədbirində Azərbaycan Respublikası Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, Azərbaycan Milli Məclisinin üzvləri iştirak edəcəklər. Tədbir iştirakçıları Ankaradakı Heydər Əliyev parkında ulu öndərin abidəsi önünə əklil qoyacaqlar.

Heydər Əliyevin xatisərinə həsr olunmuş anım mərasimi Birləşmiş Ərəb Əmirliklərində də təşkil olunub. Bu ölkədə fəaliyyət göstərən Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə Birləşmiş Ərəb Əmirliklərinin hökumət nümayəndələri də iştirak ediblər.

Azərbaycanın ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimləri Gürcüstan, Özbəkistan, Qazaxıstan, Qırğızıstanda yaşayan azərbaycanlılar tərəfindən də təşkil olunacaq. Misir, İsraildə ulu öndər Heydər Əliyevin anım gününə həsr olunmuş konfranslar keçiriləcək, onun həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş etdiriləcək.

Azərbaycanın ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimləri ABŞ, Kanada, Avstraliya və Yeni Zelandiyada da keçiriləcək.

Almaniyanın Saxsen-Anhalt vilayəti üzrə Alman-Azərbaycan Mədəniyyət Cəmiyyətinin və Almaniyadakı Azərbaycan Diasporunun Mərkəzi Şurasının təşəbbüsü və Azərbaycan Respublikasının Almaniyadakı səfirliyinin, Diasporla İş üzrə Dövlət Komitəsinin və Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin dəstəyi ilə Maqdeburq şəhərində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib.

Tədbirdə hər iki təşkilatın üzvləri, eləcə də digər icmalardan olan cəmiyyət sədrləri iştirak etmişlər. Anım mərasiminin açılışında Alman-Azərbaycan Mədəniyyət Cəmiyyətinin sədri Yaşar Millnits-Niftəliyev ümummilli lider Heydər Əliyevin həyat yolundan, Azərbaycanın inkişafı üçün göstərdiyi xidmətlər barədə məruzə ilə çıxış edib. Tədbir iştirakmıları ulu öndərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Xəbər lenti

Xəbər lenti