...

Hakim partiya Azərbaycanda xarici vətəndaşların siyasi partiya yaratmasını mümkünsüz sayır

Siyasət Materials 20 Dekabr 2011 13:08 (UTC +04:00)
Azərbaycanda "Siyasi partiyalar haqqında" qanun dünya standartlarına uyğunlaşdırılmış qanundur və heç bir ölkədə xarici vətəndaşların siyasi partiya yaratması məsələsi yoxdur.
Hakim partiya Azərbaycanda xarici vətəndaşların siyasi partiya yaratmasını mümkünsüz sayır

Azərbaycan, Bakı, 20 dekabr / Trend müxbir E.Mehdiyev/

Azərbaycanda "Siyasi partiyalar haqqında" qanun dünya standartlarına uyğunlaşdırılmış qanundur və heç bir ölkədə xarici vətəndaşların siyasi partiya yaratması məsələsi yoxdur. Trend-in məlumatına görə, bunu çərşənbə axşamı jurnalistlərə hakim Yeni Azərbaycan Partiyasının (YAP) icraçı katibinin müavini Siyavuş Novruzov deyib.

"İsrail istisna olmaqla, Avropa Şurasına və Avropa İttifaqına üzv olan heç bir ölkədə xarici vətəndaşların siyasi partiya yaratmaq və ya ona üzv olmaq hüququ yoxdur", - Novruzov deyib.

"Siyasi partiyalar haqqında" qanun 1992-ci ildə qəbul olunub. Ciddi dəyişikliklərdən sonra yenidən qəbul olunacaq qanun layihəsində partiyaların dövlət büdcəsindən maliyyələşdirilməsi də nəzərdə tutulur. Venesiya Komissiyasının isə ekspertləri hesab edir ki, qanun layihəsində xarici vətəndaşların Azərbaycanda siyasi partiya yaratmaq məsələsi əksini tapmalıdır. Azərbaycan isə rəsmən buna etirazını bildirib.

Novruzov siyasi partiya yaratmaq üçün tələb olunan imzaların sayının azaldılmasını da mümkünsüz sayır.

"Bu gün Azərbaycanda 5 milyona yaxın seçici var və bizim təklif etdiyimiz 5000 imza ilə partiya yaratmaq hüququ bu seçicilərin yalnız 0,1 faizini təşkil edir. Əgər bundan aşağı səs toplayırsa, onda bu siyasi partiya deyil, QHT və yaxud klub ola bilər", - YAP rəsmisi deyib.

Onun sözlərinə görə, siyasi partiyanın funksiyası seçkilərdə iştirak etməkdir.

"Əks halda, bir kənd yığışıb siyasi partiya yarada bilər və qanun buna qadağa qoymur. Lakin bu nə qədər düzgündür?" - Novruzov deyib.

Xəbər lenti

Xəbər lenti