...

Elmar Məmmədyarov: Azərbaycan Fransanın "erməni soyqırımı" haqqında qərarı ilə bağlı gözləmə mövqeyi tutacaq

Siyasət Materials 23 Dekabr 2011 13:26 (UTC +04:00)
Azərbaycan Fransa Milli Assambleyasının qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanun layihəsinin qəbul edilməsi ilə bağlı hansısa addım atmazdan əvvəl gözləmə mövqeyi tutacaq.
Elmar Məmmədyarov: Azərbaycan Fransanın "erməni soyqırımı" haqqında qərarı ilə bağlı gözləmə mövqeyi tutacaq

Azərbaycan, Bakı, 23 dekabr /Trend, müxbir S.Ağayeva/

Azərbaycan Fransa Milli Assambleyasının qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanun layihəsinin qəbul edilməsi ilə bağlı hansısa addım atmazdan əvvəl gözləmə mövqeyi tutacaq. Trend-in məlumatına görə, bunu cümə günü mətbuat konfransında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib.

"Bu qanun layihəsinin qəbulunda deputatların ümumi sayından cəmi on faizinin iştirakı qeyri-demokratikdir və bunu səsvermənin ədalətli nəticəsi hesab etmək olmaz", - Məmmədyarov bildirib.

Cümə axşamı Fransa parlamenti qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanun layihəsini qəbul edib.

Fransa parlamentinin 577 deputatından səsvermədə 45-i iştirak edib. Bu 45 deputatdan 38-i lehinə, 7-si isə əleyhinə səs verib.

Yeni qanun layihəsi qondarma "erməni soyqırımı"nı inkar edənlərə qarşı bir ilədək azadlıqdan məhrumetmə cəzası və 45 min avro həcmində cəriməni nəzərdə tutur.

Dekabrın əvvəllərində Fransada parlament çoxluğunu təşkil edən Xalq Hərəkatı Naminə Birlik Partiyasından (UMP) olan deputatlar Milli Yığıncağın qanunvericilik komissiyasına qanun layihəsi təqdim ediblər. Layihənin məqsədi qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət cəzasının tətbiq edilməsidir.

Ermənistan və erməni lobbisi bəyan edir ki, Türkiyənin sələfi olan Osmanlı dövləti 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı soyqırım törədib. Erməni təbliğatının təzyiqi ilə bir sıra ölkələrin parlamentləri 1915-ci il qondarma "soyqırım"ı tanıyıblar.

Nazirin sözlərinə görə, əgər Fransa ədalətli mövqe tutsaydı, yüz il bundan əvvəlki tarixi qarışdırmaz və bununla da regiondakı vəziyyəti gərginləşdirməzdi. "Əgər Fransa ədalətli mövqe tutmaq istəyirsə, onda Azərbaycanın işğal edilmiş əraziləri, Xocalı faciəsi və mövcud bir milyon azərbaycanlı qaçqın və məcburi köçkün məsələsi üzrə öz mövqeyini də ifadə etməlidir. Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi belə mövqeyi təəssüf doğurur", - nazir bildirib.

Məmmədyar qeydf edib ki, bir müddət əvvəl Fransadan olan həmsədr Bernar Fasye Azərbaycan və Ermənistana səfəri zamanı deyib ki, işğal edilmiş ərazilər ən böyük problemdir, Yerevanda olarkən isə əlavə edib ki, Dağlıq Qarabağ Azərbaycanın tərkibində qalacaq.

"Bu mövqeyi rəsmi Parisin mövqeyi kimi qəbul edirik", - o vurğulayıb.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti