Azərbaycan, Bakı, 5 yanvar /Trend, müxbir M.Əliyev/
Azərbaycan həyata keçirdiyi islahatlar nəticəsində Avropa İttifaqı, Avropa Şurasının Venesiya Komissiyası da daxil olmaqla, beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq qurmağa müvəffəq olub.
Trend-in məlumatına görə, hakim Yeni Azərbaycan Partiyasının rəsmi saytında bildirilir ki, bu barədə Avropa Xalqları Partiyasının sədri Uilfred Martensin Cənubi Qafqaz regionuna səfəri haqqında yaydığı məlumatda deyilir.
Məlumatda deyilir ki, Avropa Xalqları Partiyasının prezidenti Uilfred Martens 4 günlük səfər çərçivəsində Cənubi Qafqaz ölkələri - Gürcüstan və Azərbaycanda olub, bir sıra görüşlərdə iştirak edib.
Uilfred Martens Azərbaycana səfəri zamanı müəllifi olduğu "Avropa: Mən mübarizə aparıram, mən qalib gəlirəm" kitabının Azərbaycan dilinə tərcümə olunmuş nəşrinin təqdimat mərasimində çıxış edib. Bundan əlavə, onun bütün Qafqazın şeyxi, Xristian ortodoks kilsəsinin və yəhudi icmasının nümayəndələri ilə səmərəli görüşləri baş tutub.
"Gürcüstana və Azərbaycana səfərim çox məhsuldar oldu. Səfər çərçivəsində bir daha əmin oldum ki, bu ölkələrdə "Şərq Tərəfdaşlığı" proqramının gerçəkləşməsinə maraq çoxdur və Avropa dəyərlərinə inteqrasiya yüksək sürətlə həyata keçirilir", - Uilfred Martens bildirib.
O, Azərbaycan Prezidenti İlham Əliyevlə görüşünü xüsusi qeyd edib. "Biz Avropaya inteqrasiya, Avropa İttifaqı ilə əməkdaşlıq, Avropanın enerji təminatında və təhlükəsizliyində Azərbaycanın oynadığı xüsusi rol və s. haqqında geniş fikir mübadiləsi apardıq. Bundan əlavə, biz iqtisadi, sosial və siyasi sahədə həyata keçirilən islahatlar haqqında fikirlərimizi bölüşdük. Məhz buna əsasən, bir daha dəqiqləşdirdim ki, Azərbaycan bu islahatlar nəticəsində Avropa İttifaqı, Avropa Şurasının Venesiya Komissiyası da daxil olmaqla, beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq qurmağa müvəffəq olub", - partiya sədri vurğulayıb.
"Mən, müxtəlif dinlərin və onların icmalarının dinc və harmoniya şəklində birgə yaşayışına, tolerant münasibətə heyran qaldım. Bu baxımdan, Azərbaycan bir nümunədir", - Martens əlavə edib.
Avropa Xalqları Partiyası Avropanın ən böyük və ən nüfuzlu sağ-mərkəzçi partiyasıdır. Hazırda 39 ölkədən 74 partiya, həmçinin, Avropa Komissiyasının, Avropa Şurasının və Avropa Parlamentinin prezidentləri, Avropa İttifaqına daxil olan 16 və bu birliyə daxil olmayan 6 ölkənin dövlət və hökumət başçıları, Avropa Komissiyasının 13 üzvü Avropa Xalqları Partiyasının üzvüdür. AXP Avropa Parlamentində ən böyük qrupla təmsil olunan yeganə siyasi qurumdur.