Azərbaycan, Bakı, 13 yanvar /Trend, müxbir E.Mehdiyev/
Bu gün bir qrup mədəniyyət və incəsənət işçisinə Yeni Azərbaycan Partiyasının (YAP) üzvlük vəsiqələri təqdim olunub.
Onların sırasında xalq artistləri Ağadadaş Ağayev, Zülfiyyə Xanbabayeva, əməkdar artistlər Cavanşir Məmmədov, Elza Seyidcahan və digər mədəniyyət və incəsənət işçiləri olub.
Trend-in məlumatına görə, YAP-ın baş ofisində keçirilən tədbiri giriş sözü ilə açan partiyanın Sədr müavini, icraçı katibi Əli Əhmədov bildirib ki, bu gün üzvlük vəsiqələri alan aktyor, müğənni və rəssamların YAP-a üzv olmaları onların çoxdan üzv olduqları bir partiyaya üzvlüklərinin rəsmləşdirilməsi kimi qiymətləndirilə bilər.
"Onlar hər zaman partiyanın fəaliyyətində aktiv iştirak ediblər və qəlbən partiya ilə yaxın olublar", - Əhmədov bildirib.
1990-cı illərin əvvəlini xatırladan Əhmədov bildirib ki, həmin dövrdə mədəniyyət insanları nəinki öz yadacılıqlarını inkişaf etdirmək, öz həyatlarını təmin edə bilmirdilər, iş axtarmaq üçün xarici ölkələrə gedirdilər.
"Lakin son 20 ildə Azərbaycan çox dəyişib. Dəyişən təkcə iqtisadiyyat deyil, bütov Azərbaycan dəyişib. Bu gün hər bir şərait yaranıb. Azərbaycanda əmin-amanlıq yaranıb, hər kəs öz həyatını qurub, sərbəst həyat şəraiti mövcuddur. Bu gün mədəniyyət insanlarına öz yaradıcılıqlarını inkişaf etdirmək üçün bütün şərait yaradılıb", - Əhmədov qeyd edib.
O, bildirib ki, bütün bunlar əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyev tərəfindən davam etdirilən siyasətin nəticəsidir.
Tədbirdə YAP-ın icraçı katibinin müavini, deputat Mübariz Qurbanlı və partiyanın Gənlər Birliyinin sədri Seymur Orucov da iştirak ediblər.
YAP Gənlər Birliyinin sədri Seymur Orucov cümə günü Trend-ə bildirib ki, mədəniyyət və incəsənət işçilərinin YAP sıralarına qəbul olmaq haqqında çox əhəmiyyətli qərarları Azərbaycan cəmiyyətinin və vətəndaşlarının əksəriyyətinin YAP-a olan etimadının ifadəsidir.
"Bu qərarları ilə onlar ölkəmizdə Prezidentin həyata keçirdiyi siyasəti və bütovlükdə Azərbaycan Prezidenti cənab İlham Əliyevi dərindən və qətiyyətlə dəstəklədiklərini bir daha ifadə etmiş oldular", - Orucov deyib.