...

Azərbaycanın solçu partiyasının sədri İsa Qəmbərdən sonra Müsavat Partiyasında baş verə biləcək prosesləri açıqlayıb

Siyasət Materials 19 Yanvar 2012 10:17 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 yanvar /Trend, müxbir E.Mehdiyev/

Azərbaycanın solçu Yaşıllar Partiyasının sədri Müsavat Partiyasını ideoloji xəttinin olmamasında ittiham edir.

Yaşıllar Partiyasının sədri Mais Güləliyev cümə axşamı Trend-ə açıqlamasında bildirib ki, Müsavat Partiyasının əsas problemləri partiyanın ideoloji xəttinin olmaması, partiyanın ideologiya ətrafında yox, İsa Qəmbər ətrafında toplaşan insanlardan ibarət olması, sabit, şəffaf, qanuni maliyyə mənbəyinin olmaması ilə əlaqədardır.

"Partiyanın maliyyə mənbəyinin əsas hissəsi bu gün İsa Qəmbərlə bağlıdır, bir hissəsi isə Qərb ölkələrindən daxil olan qeyri-qanuni maliyyədir", - Güləliyev bildirib.

Onun sözlərinə görə, İsa Qəmbərin başqanlıqdan gedəcəyi halda bu mənbələrin hər biri təhlükədə qala və maliyyənin sabitliyi pozula bilər.

Güləliyev bildirib ki, Müsavat növbəti qurultayda İsa Qəmbərin başqanlığını müxtəlif bəhanələrlə saxlayacaq.

Müsavat Partiyasının başqan müavini Gülağa Aslanlı Güləliyevin fikirlərini absurd hesab etdiyindən, ona şərh verməkdən imtina edib.

"O, adam əgər Müsavat Partiyasının ideologiyasının olmadığını deyirsə, o, ciddi adam deyil və mən onun fikirlərinə şərh vermirəm. Çünki onun Müsavat Partiyası haqqında heç bir məlumatı yoxdur və ona şərh vermək düzgün olmazdı", - Aslanlı Trend-ə deyib.

Müsavat Partiyası Məclisinin üzvü Elxan Mehdiyev də Güləliyevin fikirlərinin yalan və iftiradan başqa bir şey olmadığını bildirib.

"Mən onun fikrinin əksinə olaraq deyə bilərəm ki, Müsavat bilavasitə ideoloji bir xətt üzərində qurulmuş partiyadır ki, o da Azərbaycanın müstəqilliyi ideologiyasıdır. Bilavasitə o, ideya partiyası idi ki, onun on minlərlə üzvü həmin ideyalar üstündə öldürüldülər, Sibir həbsxanalarında öldülər, heç vaxt da satılmadılar. Onun "partiyanın ideologiyası yoxdur" deməsi gülməlidir", - Mehdiyev Trend-ə deyib.

O, bildirib ki, heç bir Qərb ölkəsindən Müsavat partiyasına maliyyə vəsaiti gəlmir: "Kim bu sözü deyirsə, yalan danışır, iftira atır. Müsavat Partiyasına maliyyə yardımı üzvlük haqqından gəlir".

Güləliyevin digər iddialarına gəlincə isə, Mehdiyev orada elə bir arqumentin olmadığını bildirib.

Xəbər lenti

Xəbər lenti