Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 10:41-də yayılıb)
Azərbaycan, Bakı, 30 yanvar / Trend müxbir S.Ağayeva/
Azərbaycanın xüsusi xidmət orqanları tərəfindən xarici vətəndaşlara qarşı yönəlmiş sui-qəsdin üstünün açılması ilə bağlı son hadisələr göstərdi ki, Azərbaycan hökuməti bu ölkədə olan bütün xarici vətəndaşların təhlükəsizliyini təmin edir. Trend-in məlumatına görə, bunu İsrailin Azərbaycandakı səfiri Mixael Lavon Lotem bazar ertəsi jurnalistlərə bildirib.
"Mən və səfirliyin bütün əməkdaşları Azərbaycanda özümüzü rahat və təhlükəsiz hiss edirik", - Lotem deyib.
Yanvarın ortalarında Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi Bakıda terror aktının qarşısının alındığı barədə məlumat yayıb.
Əməliyyat-axtarış tədbirləri nəticəsində ictimai xadimin xidməti fəaliyyətinə son qoymaq məqsədilə onun həyatına sui-qəsd etməyə, yəni terror aktına hazırlıqda, qanunsuz olaraq külli miqdarda odlu silah, döyüş sursatı, partlayıcı maddələrin, qurğuların əldə edilməsində və digər cinayətlərdə təqsirli bilinən bir qrup şəxs ifşa olunaraq yaxalanıb.
"Ümumilikdə iki ölkə arasında münasibətlər yüksələn xətt üzrə inkişaf edir və bu il işgüzar sahədə əməkdaşlığın inkişafına yönəlmiş bir neçə layihənin reallaşdırılacağı, eləcə də birgə müəssisənin yaradılacağı gözlənilir", - səfir deyib.
Lotem habelə ərəb-İsrail münaqişəsinin həllində Azərbaycanın sülhyaratma mövqeyini yüksək qiymətləndirib.