Azərbaycan, Bakı, 30 yanvar /Trend, müxbir M.Əliyev/
Son zamanlar sanki ermənilərlə fransızlar kənarda qalıb, digər qüvvələr Azərbaycanla Türkiyənin arasını vurmaq istəyirlər. Bu, onlar üçün utandırıcıdır. Trend-in məlumatına görə, bunu bazar ertəsi Azərbaycan və Türkiyə arasında diplomatik əlaqələrin qurulmasının 20-ci ildönümünə həsr olunmuş toplantıda Türkiyənin Azərbaycandakı səfir Hulusi Kılıç bildirib.
"Pis niyyətli insanlar bizə aid deyil, çünki onlar başqalarının göstərişi ilə iki ölkə arasındakı münasibətlərə xələl gətirmək istəyirlər", - Kılıç deyib.
Qeyd edək ki, Türkiyənin bəzi KİV-ləri ədalətsiz mövqedən çıxış edərək, Azərbaycanın bu məsələ ilə bağlı göstərdiyi reaksiyasını kiçiltməyə cəhd edir və Azərbaycanı heç bir reaksiya verməməkdə günahlandırır.
Yanvarın 23-də Fransa Senatı təxminən səkkiz saatlıq müzakirələrdən sonra qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətinin tətbiqi barədə qanun layihəsini qəbul edib. Qanun layihəsinin lehinə 127, əleyhinə isə 86 senator səs verib.
Qanun layihəsi qondarma "erməni soyqırımı"nı inkar edənlərə qarşı bir ilədək azadlıqdan məhrumetmə cəzası və 45 min avro həcmində cəriməni nəzərdə tutur.
Səfir deyib ki, Fransa Senatının qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətinin tətbiqi barədə qanun layihəsini qəbul etməsi, Türkiyədə olduğu kimi, Azərbaycanda da etirazla qarşılandır. Onun sözlərinə görə, Azərbaycanın Prezident Administrasiyası, Milli Məclisi, ictimai təşkilatları kəskin etirazlarını bildiriblər.
"Bizim heç kimin malında, mülkündə gözümüz yoxdur. Biz regionda sülhün və sabitliyin tərəfdarıyıq. Bu gün Türkiyə Xarici İşlər Nazirliyinin öz səfirliklərinə verdiyi təlimatda deyilir ki, hansı ölkədə Azərbaycanın səfirliyi yoxdursa, siz orada bu funksiyanı yerinə yetirəcəksiniz", - Kılıç deyib.
Səfir qeyd edib ki, ötən 20 ildə Azərbaycanla Türkiyə arasında son dərəcə vacib görüşlər, səfərlər təşkil olunub.
"Bakı-Tbilisi Ceyhan layihəsi ulu öndər Heydər Əliyevin sayəsində əsrin layihəsi olub. Bakı-Tbilisi-Qars dəmiryol xətti də əsrin layihələrindən biridir", - o deyib.
Səfir bildirib ki, 2011-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 3 milyard dolları keçib.