...

Beynəlxalq Antikorrupsiya Akademiyası Azərbaycanda antikorrupsiya tədbirlərini yüksək qiymətləndirib

Siyasət Materials 14 Fevral 2012 19:25 (UTC +04:00)
Azərbaycanda səfərdə olan Beynəlxalq Antikorrupsiya Akademiyasının keçid qrupunun rəhbəri Martin Kreutnerin başçılıq etdiyi nümayəndə heyəti çərşənbə axşamı Baş prokuror Zakir Qaralovla görüşüb.
Beynəlxalq Antikorrupsiya Akademiyası Azərbaycanda antikorrupsiya tədbirlərini yüksək qiymətləndirib

Azərbaycan, Bakı, 14 fevral /Trend/

Azərbaycanda səfərdə olan Beynəlxalq Antikorrupsiya Akademiyasının keçid qrupunun rəhbəri Martin Kreutnerin başçılıq etdiyi nümayəndə heyəti çərşənbə axşamı Baş prokuror Zakir Qaralovla görüşüb.

Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə Baş prokuror korrupsiyaya qarşı mübarizənin ölkəmizdə dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu diqqətə çatdırıb. Zakir Qaralov Azərbaycanda bu sahədə kompleks şəkildə həyata keçirilən ardıcıl və sistemli tədbirlər, beynəlxalq standartlara cavab verən müasir qanunvericilik bazasının formalaşdırılması və əldə olunmuş nailiyyətlər barədə ətraflı məlumat verib.

Xüsusi olaraq vurğulanıb ki, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətlərinin verilməsi, idarənin strukturunda edilmiş köklü dəyişikliklər və vətəndaş cəmiyyəti institutları ilə qarşılıqlı əlaqələrin daha da gücləndirilməsi, o cümlədən idarə ilə korrupsiyaya qarşı mübarizə aparan Qeyri Hökumət Təşkilatlarının Məlumat və Əməkdaşlıq Şəbəkəsi arasında imzalanmış Anlaşma Memorandumu bu sahədə prokurorluq orqanlarının qarşısında mühüm və məsuliyyətli vəzifələr qoyub.
Korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış nüfuzlu beynəlxalq qurumlarla, o cümlədən Beynəlxalq Antikorrupsiya Akademiyası ilə qarşılıqlı səmərəli əlaqələrin qurulması da Azərbaycan prokurorluğu qarşısında yeni və mühüm vəzifə qoyub.

Baş prokuror bildirib ki, Akademiyanın korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlığın daha da gücləndirilməsi, kadrların nəzəri və peşə hazırlığının artırılmasında əhəmiyyətli rolu nəzərə alınmaqla ölkəmizin sözügedən qurumun "Beynəlxalq təşkilat kimi təsis edilməsi haqqında" sazişi imzalaması barədə qərar qəbul edilib.

Söhbətdə həmin sazişin ikitərəfli əlaqələrin bundan sonra da yüksələn xətlə inkişaf edəcəyinə və korrupsiyaya qarşı mübarizə işinə layiqli töhfə verəcəyinə əminlik ifadə olunub.

Beynəlxalq Antikorrupsiya Akademiyası ilə Azərbaycan Respublikası arasında əməkdaşlıqdan məmnunluğunu ifadə edən Martin Kreutner, korrupsiyaya qarşı mübarizə sahəsində ölkəmizdə həyata keçirilən tədbirləri yüksək qiymətləndirib. Qonaq Akademiyanın "Beynəlxalq təşkilat kimi təsis edilməsi haqqında" sazişin 55 ölkə tərəfindən imzalandığını bildirib. O, təmsil etdiyi qurumun korrupsiyaya qarşı mübarizə sahəsində qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsində Azərbaycan prokurorluğuna daim yardım göstərməyə hazır olduğunu diqqətə çatdırıb.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında səmərəli fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti