...

Xanlar Vəliyev: Fransa Senatının qəbul etdiyi qanun hüquq normalarından tamamilə uzaqdır və siyasi motivlidir

Siyasət Materials 22 Fevral 2012 09:41 (UTC +04:00)
Fransa Senatının qondarma "erməni soyqırımı"nı inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanunu hüquq normalarından tamamilə uzaqdır və siyasi motivlidir.
Xanlar Vəliyev: Fransa Senatının qəbul etdiyi qanun hüquq normalarından tamamilə uzaqdır və siyasi motivlidir

Azərbaycan, Bakı, 22 fevral / Trend müxbir K.Zərbalıyeva/

Fransa Senatının qondarma "erməni soyqırımı"nı inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanunu hüquq normalarından tamamilə uzaqdır və siyasi motivlidir. Trend-in məlumatına görə, bunu mətbuata açıqlamasında Azərbaycanın hərbi prokuroru Xanlar Vəliyev deyib.

Hərbi prokurorun sözlərinə görə, bu qanun beynəlxalq hüququn ədalətli məhkəmə araşdırması prinsipini kobud şəkildə pozur, insanları öz fikirlərinə və duyğularına görə cinayət məsuliyyətinə cəlb etməyin mümkünlüyünə yol açan ən mürtəce və dünya təcrübəsinə uyğun gəlməyən bir praktikaya rəvac vermiş olur.

"Qəribə burasıdır ki, yaşadığımız dövrdə, hal-hazırda da faciənin yüzlərlə canlı şahidlərinin həyatda olduqları bir vaxtda, video çəkilişlərin, o cümlədən xarici ölkələrin media mənsubları tərəfindən çəkilmiş fotolar, video görüntülərin mövcud olduğu halda, Xocalı, Qaradağlı və başqa şəhər və kəndlərdə azərbaycanlıların erməni faşistləri tərəfindən soyqırıma məruz qalmaları görməməzliyə vurulur, amma 100 il bundan əvvəl törədilməsi iddia olunan və heç bir tutarlı dəlillərə söykənməyən məsələyə belə canfəşanlıqla qərəzli münasibət bildirilir. Məsələnin hüquqi tərəfi bir yana qalsın, əslində Türkiyədə erməni qırğını faktının olmaması nəinki müasir dövrümüzün tədqiqatçıları, bilavasitə I Dünya müharibəsindən sonra araşdırma aparmış nüfuzlu tədqiqatçılar tərəfindən də tamamilə təsdiq olunub", - Vəliyev deyib.

Onun sözlərinə görə, I Dünya müharibəsinin qalibləri tərəfindən, konkret olaraq Böyük Britaniya Krallığı Baş Prokurorluğu tərəfindən ermənilərin sərsəm iddiaları ilə bağlı, erməni qırğınını törətdikləri iddia olunan 100-dən çox türk haqqında bir sıra dövlətlərin ərazisində araşdırma aparılıb.

O qeyd edib ki. Qafqazda, İraqda, Misirdə və digər yerlərdə 2 il ərzində aparılmış bu araşdırmaların nəticəsi olaraq Krallığın Baş Prokurorluğu "Ermənilərin qətlə yetirilmələri ilə bağlı hüquqi baxımdan heç bir keçərli dəlil tapılmamışdır" qərarına gəlib və məsələnin hətta "hüquq məhkəməsində araşdırılmasına yer olmadığı" barədə rəy verməklə, "Osmanlı torpaqlarında ermənilərin qətl edilməsi ilə bağlı cinayət işi başlanmasına əsas olmadığını" 29 iyun 1921-ci il tarixdə İngiltərə hökumətinə bildirilib.

"Böyük Britaniya Krallığı Baş Prokurorluğunun bu qərarı əslində "Erməni soyqırımı olmamışdır" demək üçün əsas verən sanballı bir sənəddir və ermənilərin iddialarını darmadağın edir. Paradoks ondadır ki, 1915-ci ildə məlum toqquşmalar zamanı əslində ermənilər tərəfindən daha çox türklər öldürülüb. Lakin bu məsələyə ikili standartlar mövqeyindən yanaşılmaqdadır", - o deyib.

Xəbər lenti

Xəbər lenti