...

Azərbaycan səfiri etimadnamələrini Sinqapur Prezidentinə təqdim edib

Siyasət Materials 24 Fevral 2012 08:13 (UTC +04:00)
Fevralın 23-də Azərbaycanın İndoneziya və Sinqapurdakı fövqəladə və səlahiyyətli səfiri Tamerlan Qarayev Sinqapur Prezidenti Toni Tan Kenq Yama Azərbaycan Respublikasının Singapurda səfiri təyin olunması ilə bağlı Prezident İlham Əliyev tərəfindən imzalanmış etimadnamələri təqdim edib.
Azərbaycan səfiri etimadnamələrini Sinqapur Prezidentinə təqdim edib

Azərbaycan, Bakı, 24 fevral /Trend/

Fevralın 23-də Azərbaycanın İndoneziya və Sinqapurdakı fövqəladə və səlahiyyətli səfiri Tamerlan Qarayev Sinqapur Prezidenti Toni Tan Kenq Yama Azərbaycan Respublikasının Singapurda səfiri təyin olunması ilə bağlı Prezident İlham Əliyev tərəfindən imzalanmış etimadnamələri təqdim edib. Bu barədə Trend-ə cümə günü səfirlikdən bildirilib.

Etimadnamələrin təqdim olunması mərasimində səfiri salamlamaq üçün fəxri qarovul düzülüb, Azərbaycan və Sinqapurun milli himnləri səsləndirilib, hər iki ölkənin bayraqları ucaldılıb.

Mərasimin davamında Sinqapur Prezidenti səfirlə təkbətək görüş keçirib. Qarayev Azərbaycanın Sinqapur ilə münasibətlərin həm ikitərəfli, həm də çoxtərəfli çərçivədə inkişafına xüsusi əhəmiyyət verdiyini qeyd edib. Səfir Sinqapurla qarşılıqlı faydalı əməkdaşlığımızın BMT və digər beynəlxalq təşkilatlar çərçivəsində inkişaf etdirilməsinin dövlətimiz üçün əhəmiyyətli olduğunu vurğulayıb.

Sonra Ermənistan-Azərbaycan, Dağlığ Qarabağ münaqişəsi haqqında söhbət açan səfir, münaqişə nəticəsində Azərbaycan ərazilərinin 20 faizinin Ermənistan tərəfindən işğal olunduğunu və Azərbaycanda 1 milyon məcburi köçkünün olduğunu bildirib. Eyni zamanda, Qarayev Azərbaycan xalqının tarixində ən qanlı səhifə olan Xocalı soyqırımının 20-ci ildönümü olduğunu və hazırda Azərbaycanda, eləcə də dünyanın əksər ölkələrində soyqırım qurbanlarının anıldığını Sinqapur Prezidentinin diqqətinə çatdırıb. Soyqırım haqqında geniş məlumatı dinləyən Prezident, bu hadisənin çox təəssüf doğurduğunu və bu kimi cinayətləri törədənlərin ədalət qarşısına çıxarılmalarının vacibliyini qeyd edərək Azərbaycan xalqına başsağlığı verib.

Görüşün davamında Azərbaycan tərəfinin Sinqapur ilə qarşılıqlı sərmayə layihələrinin həyata keçirilməsində maraqlı olduğu qeyd edilib.

Singapur Prezidenti iki dövlət arasında münasibətlərin inkişafından məmnunluğunu bildirib. Sinqapur iqtisadiyyatının sürətlə inkişaf etdiyini və qlobal iqtisadiyyatın inkişafına dair səylərini vurğulayaraq ölkələrimiz arasında ikitərəfli iqtisadi əməkdaşlığın önəmli olduğunu qeyd edib. Prezident Sinqapurun Azərbaycan ilə əməkdaşlığa böyük əhəmiyyət verdiyini qeyd edib və bu çərçivədə hökumətinə səfirliklə sıx əməkdaşlıq etməyi tövsiyə verəcəyini vurğulayıb.

Qarayev ikitərəfli münasibətlərin inkişafı üçün yüksəksəviyyəli qarşılıqlı səfərlərin həyata keçirilməsinin və dövlətlər arasında hüquqi bazanın yaradılmasının vacibliyini qeyd edib.

Sinqapur Prezidenti bu fikirlə razılaşıb və Azərbaycan Prezidenti İlham Əliyevin Sinqapura səfərinin hər zaman alqışlandığını vurğulayıb. Həmçinin, Toni Tan Kenq Yam hüquqi bazanın yaradılması üçün aidiyyəti nazirliklərə tapşırıq verəcəyini və qısa zamanda Azərbaycan tərəfinə layihələrin təqdim olunmasını vəd edib.

Xəbər lenti

Xəbər lenti