...

Əli Əhmədov: Dünya ictimaiyyətinin Xocalı soyqırımına biganəliyinin buzu sınmaqdadır

Siyasət Materials 27 Fevral 2012 17:07 (UTC +04:00)
Dünya ictimaiyyətinin Xocalı soyqırımına biganəliyinin buzu artıq sınmaqdadır.
Əli Əhmədov: Dünya ictimaiyyətinin Xocalı soyqırımına biganəliyinin buzu sınmaqdadır

Azərbaycan, Bakı, 27 fevral /Trend, müxbir M.Əliyev/

Dünya ictimaiyyətinin Xocalı soyqırımına biganəliyinin buzu artıq sınmaqdadır. Trend-in məlumatına görə, bunu bazar ertəsi jurnalistlərə hakim Yeni Azərbaycan Partiyasının sədr müavini, icraçı katib Əli Əhmədov bildirib.

"Xocalı soyqırımının 20 illiyi ilə bağlı geniş tədbirlərin keçirilməsi dünya ictimaiyyətinin ermənilər tərəfindən vəhşicəsinə törədilmiş Xocalı soyqırımının tanıdılması istiqamətində atılan ən əhəmiyyətli addımlardandır", - o deyib.

Əhmədov qeyd edib ki, uzun illər dünya ictimaiyyətinin bu soyqırıma biganəliyi müşahidə edilirdi və Azərbaycan hökumətinin, dünyanın ayrı-ayrı yerlərində yaşayan azərbaycanlıların və Türkiyənin birgə göstərdiyi səyləri nəticəsində bu biganəliyin buzu artıq sınmaqdadır.

"Bakıda və Taksim meydanında düzənlənən yürüşlər, eləcə də dünyanın ayrı-ayrı ölkələrində təşkil olunan tədbirlər Xocalı soyqırımının artıq dünya ictimaiyyətinin diqqət mərkəzinə gətirilməsindən xəbər verir", - YAP-ın sədr müavini deyib.

O, dünyanın iki ölkəsinin parlamentində Xocalı soyqırımının qəbul edildiyini və bu il keçirilən əzəmətli tədbirlər nəticəsində Xocalı soyqırımını tanımağa hazır olan ölkələrin sayının artacağına inandığını bildirib.

"Xocalı soyqırımının ildönümü ilə bağlı keçirilən tədbirlər Azərbaycan-Türkiyə birliyinin və qardaşlığının möhtəşəm nümayişinə çevrildi", - Əhmədov vurğulayıb.

Xatırladaq ki, 1992-ci il fevralın 26-da Ermənistan silahlı birləşmələrinin Xocalı şəhərinin yeddi minlik əhalisinə qarşı törətdiyi soyqırım aktı zamanı 613 soydaşımız, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla qətlə yetirilib, meyitlər üzərində təhqiredici hərəkətlərə yol verilib.

Xəbər lenti

Xəbər lenti