Azərbaycan, Bakı, 16 mart /Trend, müxbir M.Əliyev/
Azərbaycanın hakim partiyası Almaniyanın xarici işlər naziri Qido Vestervellenin Bakıda QHT-lərlə qapalı görüş keçirməsinə etiraz edib.
Trend-in məlumatına görə, Milli Məclisin cümə günü keçirilən iclasında hakim Yeni Azərbaycan Partiyasının icraçı katibinin müavini Mübariz Qurbanlı bildirib ki, Azərbaycan dünyanın 125 ölkəsi ilə qarşılıqlı əlaqələrə malikdir və qarşılıqlı səfərlər həyata keçirilir.
"Almaniyanın xarici işlər naziri Bakıda istənilən QHT ilə görüşə bilər, lakin onun qapalı görüş keçirməsi təqdirəlayiq deyil. Bu, Azərbaycanın daxili işlərinə qarışmaq kimi dəyərləndirilir", - Qurbanlı deyib.
Qeyd edək ki, Almaniyanın xarici işlər naziri Qido Vestervelle martın 14-15-də Azərbaycanda rəsmi səfərdə olub.