...

Niderland XİN-in nümayəndə heyəti gələn ay Bakıya səfər edəcək

Siyasət Materials 29 Mart 2012 15:33 (UTC +04:00)
Niderland Krallığı ilə Azərbaycan arasında diplomatik əlaqələrin qurulması 26 mart 1992-ci il tarixinə təsadüf edir.
Niderland XİN-in nümayəndə heyəti gələn ay Bakıya səfər edəcək

Azərbaycan, Bakı, 29 mart /Trend/

Niderland Krallığı ilə Azərbaycan arasında diplomatik əlaqələrin qurulması 26 mart 1992-ci il tarixinə təsadüf edir. Bu tarixi hadisənin ildönümünü qeyd etmək üçün qarşıdan gələn bir neçə həftə ərzində bir sıra tədbirlərin keçirilməsi planlaşdırılır.

Trend-in məlumatına görə, aprelin 1-4-də Niderland xarici işlər nazirinin xüsusi nümayəndəsi Mixil den Hondun başçılıq etdiyi yüksəksəviyyəli nümayəndə heyəti siyasi səviyyədə görüşlər keçirmək üçün Bakıya səfər edəcək.

Həmçinin, bu səfər çərçivəsində Mixil den Hond aprelin 2-də son illərdə regionda fəallığı ilə seçilən və diplomatik institutlar arasında beynəlxalq əməkdaşlıqda fərqlənən Azərbaycan Diplomatik Akademiyasında (ADA) təşkil olunacaq "Dəyişən dünya fonunda ikitərəfli diplomatiyanın rolu" mövzusuna həsr olunmuş seminarda da iştirak edəcək. Bu seminar ADA ilə əməkdaşlıq edən Klingendael Xarici Əlaqələr İnstitutu tərəfindən də dəstəklənir. Klingendael İnstitutu Avropa, beynəlxalq təhlükəsizlik və enerji məsələləri üzrə apardığı elmi tədqiqatlar, habelə xarici diplomatlar üçün təşkil etdiyi təlim kurslarına görə kifayət qədər məşhur bir qurumdur. Azərbaycan dövləti müstəqillik əldə etdikdən sonra ölkəni təmsil edən 50 diplomat məhz Klingendael İnstitutunda təhsil alıb.

Niderland Krallığının Bakıdakı səfiri Aryen Uyterlinde hər iki ölkədə səfirliklərin açılmasından sonra ölkələr arasında münasibətlərin daha da inkişaf etdiyini vurğulayıb.

"Niderland Krallığının Azərbaycanla əlaqələri bir çox əsrlərdir ki, davam edir. Avropa qitəsinin əks qütblərində yerləşən hər iki ölkədə bir-biri ilə ticarət əlaqələri yaratmış və neft-qaz sənayesində, qeyri-neft sektorlarında, habelə müxtəlif sahələrdə öz təcrübəsi ilə bölüşən və işgüzar əlaqələri inkişaf etdirən xalq yaşayır. Hazırda ikitərəfli ticarət dövriyyəsinin həcmi 200 milyon ABŞ dolları civarındadır və milyardlarla dollar həcmində qarşılıqlı investisiyalar var. Niderlanda gələn turist və qonaqların, həmçinin tələbələrin sayı isə durmadan artır və aprel ayından başlayaraq Azərbaycan Venlo şəhərində keçirilən gülçülük və turizm üzrə dünyaca məşhur "Floriade 2012" sərgisində iştirak edəcək. Hazırda ölkələrimiz arasında mövcud olan münasibətlərin xarakteri "donor və benefisiar" əlaqələrindən inkişaf edərək həm ikitərəfli, həm də Avropa kontekstində həyata keçirilən əməkdaşlıq səviyyəsinə kimi yüksəlib. Niderland isə Azərbaycanın müasir, sabit və demokratik bir ölkə kimi inkişaf etmək məqsədinin gerçəkləşməsində bu respublikaya kömək göstərməyə həmişə hazırdır", - səfri deyib.

Xəbər lenti

Xəbər lenti