...

Azərbaycan və Kolumbiya arasında yeni əməkdaşlıq imkanları müzakirə olunub (FOTO)

Siyasət Materials 3 Aprel 2012 16:29 (UTC +04:00)
Azərbaycanın Meksikada, eyni zamanda Kolumbiyadakı səfiri İlqar Muxtarov Kolumbiyada işgüzar səfərdə olub.
Azərbaycan və Kolumbiya arasında yeni əməkdaşlıq imkanları müzakirə olunub (FOTO)

Azərbaycan, Bakı, 3 aprel /Trend/

Azərbaycanın Meksikada, eyni zamanda Kolumbiyadakı səfiri İlqar Muxtarov Kolumbiyada işgüzar səfərdə olub.

Səfirlikdən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, səfər çərçivəsində geniş spektrdə ikitərəfli münasibətlərin inkişaf etdirilməsi məqsədilə səfir Kolumbiya Xarici İşlər Nazirliyinin rəhbərliyi, mədəniyyət və turizm, ticarət, informasiya texnologiyaları nazirləri, habelə Senat və Nümayəndələr Palatasının üzvləri, Kolumbiya hökumətinin enerji, infrastruktur və təhsil sahələri, həmçinin ölkənin özəl sektorunu təmsil edən qurumların rəhbərliyi ilə görüşlər keçirib.

Keçirilmiş ikitərəfli və çoxtərəfli görüşlər zamanı Azərbaycan və Kolumbiya arasında siyasi dialoqun möhkəmləndirilməsi perspektivləri, iqtisadiyyat sahəsində yeni əməkdaşlıq imkanlarının araşdırılması, iki ölkə arasında ticarət əlaqələrinin gücləndirilməsi üçün müqavilə-hüquq bazasının genişləndirilməsi, beynəlxalq təşkilatlar, o cümlədən BMT-nin Təhlükəsizlik Şurası çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsi məsələləri ətrafında geniş fikir mübadiləsi aparılıb. Kolumbiyanın mədəniyyət naziri ilə keçirilmiş görüşdə yaxın gələcəkdə Kolumbiyada keçiriləcək Azərbaycanın mədəniyyət günlərinin təşkilati məsələləri müzakirə edilib.

Səfər çərçivəsində Muxtarov Kolumbiya Senatında çıxış edib. Səfir öz çıxışında son illər ərzində ölkələrimiz arasında inkişaf etməkdə olan ikitərəfli münasibətlərdən söz açaraq, bu əlaqələrin geniş potensiala malik olduğunu və gələcəkdə daha da möhkəmləndiriləcəyinə əminliyini ifadə edib. Səfir, həmçinin Azərbaycan reallıqları, ölkəmizin region dövlətləri ilə münasibətləri və siyasi-iqtisadi inkişafı, Ermənistanın Azərbaycana qarşı davam edən işğalçılıq siyasəti, habelə Xocalı soyqırımı və insanlığa qarşı törədilmiş bu cinayətin beynəlxalq səviyyədə tanınması prosesindən Kolumbiya senatorlarına ətraflı məlumat verib.

Muxtarov Kolumbiya Parlamentinin Nümayəndələr Palatasının üzvləri ilə də görüşüb. Görüşdə iki ölkənin parlamentləri arasında siyasi əlaqələrin inkişaf etdirilməsi, iqtisadi əlaqələrin genişləndirilməsi məsələləri müzakirə edilib.

Səfər çərçivəsində səfir, həmçinin Kolumbiyanın "Uşaqlara qarşı cinsi zorakılıqların cəzalandırılmasına dair Şəbəkə Fondu"nu ziyarət edib. Tədbirdə çıxış edən İlqar Muxtarov bildirib ki, sözügedən problem qlobal xarakter daşıyır və müasir dünyanın ən mühüm çağırışlarından biridir. Gələcək nəsillərin rifahı naminə Fondun bu istiqamətdə apardığı fəaliyyətin vacib əhəmiyyət kəsb etdiyi qeyd edilib. Daha sonra səfir Azərbaycan hökuməti adından Kolumbiyanın sözügedən Fonduna kompüterlər bağışlayıb.

Muxtarov Kolumbiya XİN-in Diplomatik Akademiyasında təqdimatla çıxış edib. Tədbirdə Diplomatik Akademiyanın professor və tələbə heyəti, Kolumbiya XİN-in rəsmiləri və ölkədə akkreditə edilmiş diplomatik nümayəndəliklərin üzvləri iştirak ediblər.

Səfir Azərbaycanın xarici siyasəti, iqtisadi potensialı, beynəlxalq aləmdə nüfuzu, habelə Kolumbiya ilə mövcud münasibətlərindən bəhs edib, ölkəmizin tarixi və mədəniyyəti barədə tədbir iştirakçılarına məlumat verib. İlqar Muxtarov görüş iştirakçılarına Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən, Xocalı soyqırımı və bu faciənin beynəlxalq aləmdə tanıdılması prosesindən bəhs edib.

Xəbər lenti

Xəbər lenti