Azərbaycan, Bakı, 4 aprel /Trend, müxbir M.Əliyev/
Ermənistan militarist siyasət yürüdür, başqa ölkələrlə münaqişəli vəziyyət yaradır və bütövlükdə Cənubi Qafqazın, Avrasiyanın, dünyanın təhlükəsizliyini təhdid edir. Trend-in məlumatına görə, bunu çərşənbə günü jurnalistlərə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov erməni deputatların Avronestin Bakıda keçirilən iclasında qeyri-konstruktiv çıxışlarına münasibət bildirərkən deyib.
"Azərbaycan neçə illərdir dünyaya çatdırmaq istəyir ki, Ermənistanı təmsil edən insanlar qeyri-konstruktivdir, qonşu dövlətlərə qarşı ərazi iddiası ilə çıxış edir", - o deyib.
Həsənov təəssüflə qeyd edib ki, Cənubi Qafqazda sülh şəraitində yaşamaq istəyən, qonşuların maraqlarını nəzərə alan Azərbaycan, Gürcüstan kimi dövlətlərlə yanaşı, Ermənistan kimi dövlət də var.