...

Aktauda Şuşanın işğalı ilə bağlı mərasim keçirilib

Siyasət Materials 9 May 2012 19:18 (UTC +04:00)
Azərbaycanın Qazaxıstanın Aktau şəhərindəki Baş konsulluğu tərəfindən Şuşanın Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 20-ci ildönümü ilə bağlı mərasim keçirmişdir.
Aktauda Şuşanın işğalı ilə bağlı mərasim keçirilib

Azərbaycan, Bakı, 9 may /Trend/

Azərbaycanın Qazaxıstanın Aktau şəhərindəki Baş konsulluğu tərəfindən Şuşanın Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 20-ci ildönümü ilə bağlı mərasim keçirmişdir.

Baş konsulluqdan Trend-ə bildirdiklərinə görə, mərasimdə Manqistau vilayətində fəaliyyət göstərən azərbaycanlıların "Dostluq" milli-mədəni cəmiyyətinin üzvləri, Aktau şəhərinin ali təhsil müəssisələrində təhsil alan azərbaycanlı tələbələr, Aktau şəhər ictimaiyyəti nümayəndələri, Manqistau vilayətində fəliyyət göstərən digər diaspora təşkilatlarının üzvləri, kütləvi informasiya vasitələri nümayəndələri iştirak etmişlər.

Mərasim keçirilən zalda Şuşa şəhərinin tarixi yerlərini əks etdirən foto sərgi və Heydər Əliyev Fondu tərəfindən nəşr olunmuş "Qarabağ həqiqətləri" və ermənilərin azərbaycanlılara qarşı uzun illər boyu apardığı qanlı siyasətə həsr olunmuş kitablar nümayiş etdirildi.

Tədbirin əvvəlində Ermənistanın Azərbaycana təcavüzü nəticəsində həlak olmuş soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Daha sonra, Azərbaycan Respublikasının Aktau şəhərindəki Baş konsulu Rəşad Məmmədov tədbiri açaraq, 1992-ci il mayın 8-də erməni qəsbkarlarının və onları dəstəkləyən qüvvələrin iştirakı ilə Azərbaycanın tarixi şəhərlərindən olan Şuşanın işğalı barədə məlumat verdi. R.Məmmədov, o zamankı Azərbaycan hakimiyyətinin səriştəsizliyi səbəbindən Şuşa şəhərinin lazımı səviyyədə müdafiəsinin qurulmaması nəticəsində şəhərin düşmən əlinə keçdiyini bildirərək, hal-hazırda erməni qəsbkarları tərəfindən Şuşada olan abidələrimizi məhv etdiklərindən, mövcud tikililərin tarixini saxtalaşdıraraq, abidələri dünyaya özlərininki kimi təqdim etmələrindən danışdı. Baş konsul Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmizin dövlət müstəqilliyinin möhkəmləndirilməsi və ərazi bütövlüyünün bərpası istiqamətində həyata keçirilən ardıcıl siyasət barədə danışaraq, ölkəmizin işğal ulunmuş torpaqlarımızın azad ediləcəyinə əminliyini tədbir iştirakçılarına çatdırdı.

Daha sonra azərbaycanlıların "Dostluq" milli-mədəni cəmiyyətinin sədri professor Yusif Quliyev, Aktau şəhərinin fəxri sakini Cəmil Həbibov, Udin milli-mədəni cəmiyyətinin sədri Voroşil Makarov, Azərbaycan diasporunun nümayəndələri mayor Bəxtiyar Məsimov və şair Rövşən Həsənov çıxış edərək, Şuşa şəhərinin işğalının ermənilər tərəfindən xalqımıza qarşı törədilən soyqırımla yanaşı, xalqımızın mədəniyyətinə qarşı törətdikləri soyqırım olduğunu qeyd etdilər. Çıxış edənlər erməni vəhşiliklərinin dünya ictimaiyyətinə çatdırılmasında Azərbaycanın diaspora təşkilatlarının aktıvləşməsinin vacibliyini qeyd edərək, Azərbaycan Respublikası Prezidentinin torpaqlarımızın işğaldan azad olunması ilə bağlı apardığı siyasəti dəstəklədiklərini qeyd etdilər.

Tədbirin sonunda Şuşa şəhəri ilə bağlı video çarx nümayiş olundu.

Xəbər lenti

Xəbər lenti