...

Novruz Məmmədov: Ermənistanda keçirilən parlament seçkiləri özlərinin təşkil etdiyi şoudur (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 10 May 2012 12:05 (UTC +04:00)

Təfərrüatlar əlavə olunub (ilk xəbər 11:43-də yayılıb)

Azərbaycan, Bakı, 10 may /Trend, müxbir E.Mehdiyev/

Ermənistanda keçirilən parlament seçkilərinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinə heç bir təsiri ola bilməz. Trend-in məlumatına görə, bunu cümə axşamı jurnalistlərə Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.

"Ermənistanda keçirilən bu səsvermə, ümumiyyətlə, özlərinin təşkil etdiyi bir şoudur. Təəssüflər olsun ki, Qərb o dəqiqə müəyyən bir təəssübkeşlik göstərərək bu seçkilərə şəffaf və demokratik don geyindirmək istəyir", - Məmmədov deyib.

Qeyd edək ki, mayın 6-da Ermənistanda parlament seçkiləri keçirilib. Seçkilərdə kütləvi qanun pozuntuları qeydə alınıb.

Azərbaycanın BMT Təhlükəsizlik Şurasına sədrliyi məsələsinə toxunan Məmmədov bildirib ki, bu, Azərbaycanın tarixində ən mühüm hadisələrdən biridir.

"Ümumiyyətlə, bütün qitələrin, yolların qovşağında yerləşən, 20 illik müstəqilliyi olan Azərbaycanın tez bir zamanda BMT TŞ-yə böyük səs çoxluğu ilə etimad göstərilməsi nəticəsində üzv seçilməsi böyük bir hadisədir", - PA rəsmisi bildirib.

Onun sözlərinə görə, bu gün dünya üçün çox aktual olan, sülhə və sabitliyə təhdid olan terrorizm mövzusunun TŞ-də müzakirəsi təsadüfi deyildi.

"Biz bu 20 il ərzində terrorizmin bir sıra fəsadlarını görmüşük. 2 minə yaxın qurban vermişik. Düşünürəm ki, Azərbaycan Prezidenti bu mühüm iclasda çıxışlarında həm dünya üçün vacib olan, həm Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edən bu məsələnin müzakirəsinə nail oldu. Bunu da böyük müvəffəqiyyət hesab edirəm", - Məmmədov əlavə edib.

Xəbər lenti

Xəbər lenti