...

Azərbaycan "Ekstradisiya haqqında" Avropa Konvensiyasına Üçüncü Əlavə Protokolunu imzalayıb

Siyasət Materials 15 May 2012 16:33 (UTC +04:00)
Azərbaycan Avropa Şurası (AŞ) tərəfindən təslimetmə prosedurunu sadələşdirən "Ekstradisiya haqqında" Avropa Konvensiyasına Üçüncü Əlavə Protokolunu imzalayıb.
Azərbaycan "Ekstradisiya haqqında" Avropa Konvensiyasına Üçüncü Əlavə Protokolunu imzalayıb

Azərbaycan, Bakı, 15 may /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan Avropa Şurası (AŞ) tərəfindən təslimetmə prosedurunu sadələşdirən "Ekstradisiya haqqında" Avropa Konvensiyasına Üçüncü Əlavə Protokolunu imzalayıb.

Ədliyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, Azərbaycan adından bu sənədi imzalamaq üçün səlahiyyət verilmiş ədliyyə naziri Fikrət Məmmədov bununla əlaqədar mayın 14-də Strasburqa səfər edib.

AŞ-nin baş katibi Torbyorn Yaqland, baş katibin müavini Mod De Bur-Bukikkio və digər məsul şəxslərin iştirakı ilə həmin protokolun təntənəli imzalanma mərasimi keçirilib. Mərasimdən sonra Məmmədovun və Yaqlandın görüşü olub.

Dövlətimizin Avropa Şurası üçün mühüm tərəfdaş ölkə olduğunu bildirən Yaqland respublikamızda gedən islahatlara bundan sonra da hər cür dəstək verməyə hazır olduğunu qeyd edərək Azərbaycan və Avropa Şurası arasında əməkdaşlığa dair birgə tədbirlər planının tezliklə qəbul olunmasının əhəmiyyətini vurğulayıb.

O, AŞ-nin məişət zorakılığının qarşısının alınması kimi aktual məsələyə dair yeni konvensiyasının hazırlandığını bildirərək ölkəmizdə bu sahədə görülmüş işlərə, o cümlədən xüsusi qanunun qəbul olunmasına dair məlumatı maraqla qarşılayıb.

Söhbət zamanı, həmçinin, qanunvericiliyin təkmilləşdirilməsi, mətbuat azadlığının və vətəndaş cəmiyyətinin inkişafı və s. məsələlər barədə səmərəli fikir mübadiləsi aparılıb.

Səfər çərçivəsində İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin sədri Nikolas Bratsa ilə görüş keçirilib.

Görüşdə Avropa Məhkəməsinin qərarlarının icrasına mühüm önəm verilərək bu sahədə görülən işlər, bu yaxınlarda Məhkəmənin səmərəliliyinin artırılmasına dair keçirilmiş Brayton konfransının əhəmiyyəti qeyd olunub, konfransda qoyulmuş vəzifələrin ölkəmizdə intensiv implementasiyası, o cümlədən presedent hüququnun öyrənilməsi və tətbiqi, maarifləndirmə tədbirlərinin gücləndirilməsi, aidiyyəti sənədlərin Azərbaycan dilinə tərcümə olunması üzrə işlər vurğulanıb.

Görüşdə Məhkəmənin Azərbaycandan olan hakimi Xanlar Hacıyev iştirak edib.

Xəbər lenti

Xəbər lenti