...

Azərbaycan-Qazaxıstan diplomatik əlaqələrinin 20 illiyi ilə bağlı sərgi keçirilib (FOTO)

Siyasət Materials 23 May 2012 20:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 may /Trend/

28 May - Respublika Günü və Azərbaycan ilə Qazaxıstan arasında diplomatik əlaqələrin qurulmasının 20 illiyi ilə bağlı keçirilən silsilə tədbirlər çərçivəsində Qazaxıstanın Atırau şəhərində sərgi təşkil olunub.

Azərbaycanın Qazaxıstanın Aktau şəhərindəki Baş konsulluğundan çərşənbə günü Trend-ə verilən məlkumata görə, sərgidə Azərbaycan və Gürcüstan Rəssamlar ittifaqlarının üzvü, dünyada neft ilə rəsmlər çəkən rəssam S.Çopuroğlunun otuza yaxın əsəri və Azərbaycanın tarixi yerlərini, Qarabağın, Şuşanın tarixi tikililəri, Bakının tarixi və müasir dövrünü əks etdirən yüzə yaxın fotoşəkil nümayış etdirilib.

Sərgidə Atırau vilayət qubernatorluğunun rəsmiləri, ictimaiyyət nümayəndələri, Atırau vilayətində fəaliyyət göstərən çoxsaylı xarici şirkətlərinin təmsilçiləri, vilayətdə fəaliyyət göstərən azərbaycanlıların "Novruz" milli-mədəni cəmiyyətinin üzvləri, digər xalqların milli-mədəni cəmiyyətlərinin rəhbərləri və üzvləri, həmçinin Qazaxıstanın Aktyubinsk, Qərbi-Qazaxıstan, Manqistau vilayətlərində fəaliyyət göstərən azərbaycanlıların milli-mədəni cəmiyyətlərinin üzvləri və KİV nümayəndələri iştirak ediblər.

Azərbaycanın Aktau şəhərindəki baş konsulu Rəşad Məmmədov və Atirau vilayət qubernatorunun müavini Serik Aydarbəyov simvolik olaraq qırmızı lenti kəsərək sərginin açılışını ediblər. Daha sonra H.Əliyev adına Azərbaycan-Qazaxıstan Dostluq Cəmiyyətinin sədri, professor Eldar Günaydın sərgidə nümayiş etdirilən rəsm əsərləri və fotoşəkillər barədə qonaqlara məlumat verib.

Sərgidə iştirak edən ictimaiyyət nümayəndələri və rəssamlar belə bir sərginin Atırau vilayətində keçirilməsinin vilayətin mədəni həyatında əlamətdar hadisə olduğunu qeyd ediblər.

Tədbir Qazaxıstanın yerli televiziya kanallarında işıqlandırılıb.

Xəbər lenti

Xəbər lenti