...

Argentina ilə Azərbaycan arasında ticarət əlaqələri müzakirə ediləcək (FOTO)

Siyasət Materials 31 May 2012 16:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 31 may /Trend, müxbir E.Mehdiyev/

Argentina ilə Azərbaycan arasında ticarət əlaqələri müzakirə ediləcək.

Argentinanın daxili ticarət katibi Gilyermo Morenonun başçılığı ilə iyulun əvvəllərində Azərbaycana böyük ticarət missiyası səfər edəcək. Trend-in məlumatına görə, bunu Azərbaycanın Argentinadakı səfirliyinin 28 May - Respublika Günü münasibətilə keçirdiyi rəsmi qəbulda səfir Məmməd Əhmədzadə deyib.

Əlaqələrin perspektivindən danışan diplomat Azərbaycanla Argentina arasında əməkdaşlığın inkişafının yalnız iki ölkə və iki xalqın deyil, həmçinin Cənubi Amerika ilə Azərbaycanın mərkəz olduğu Cənubi Qafqaz, Xəzər hövzəsi və Mərkəzi Asiya regionlarının da yaxınlaşmasına töhfə verəcəyini bildirib.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin Azərbaycanın Argentinadakı səfirliyinə istinadən yaydığı məlumata görə, qəbulda Argentina hökuməti və qanunverici orqanının rəhbər vəzifəli şəxsləri, o cümlədən turizm naziri Enrike Meyer, xarici ticarət katibi Beatriz Paqlieri, kənd təsərrüfatı katibi Lorenzo Basso, Milli Konqresin hər iki palatasının xarici əlaqələr daimi komissiyasının sədrləri senator Daniel Filmus və deputat Gilyermo Karmona, digər parlamentarlar, XİN-in yüksək vəzifəli şəxsləri, diplomatik korpusun nümayəndələri, Buenos-Ayres şəhər rəhbərliyi, tanınmış siyasətçilər, jurnalistlər, elm və mədəniyyət xadimləri iştirak edib.

Qonaqları salamlayan səfir Məmməd Əhmədzadə 28 May gününün Azərbaycan üçün tarixi önəmindən, müstəqilliyin bərpasından sonra ölkəmizin üzləşdiyi problemlərdən, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzündən, 1993-cü ildən başlayaraq ölkəmizdə sabitliyin bərqərar olması, dövlətçiliyin gücləndirilməsi istiqamətində atılmış addımlardan danışıb.

"Ötən il ölkəmiz bir çox siyasi, iqtisadi və mədəni uğurlar əldə edib. Belə ki, Azərbaycan 155 ölkənin dəstəyi ilə tarixində ilk dəfə olaraq BMT Təhlükəsizlik Şurasının 2012-2013-cü illər üçün qeyri-daimi üzvü seçilib. Bu hadisə Azərbaycanın getdikcə güclənən beynəlxalq nüfuzundan xəbər verir", - diplomat deyib.

Azərbaycanın yüksək iqtisadi nailiyyətlətlərindən danışan səfir hazırda ölkəmizin Cənubi Qafqaz iqtisadiyyatının 85 faizinə və maliyyə resurslarının 95 faizinə malik olduğunu və son illərdə önəmli sərmayə ixracatçısına çevrildiyini deyib.

Məmməd Əhmədzadə habelə, Azərbaycanın "Eurovision 2012" mahnı müsabiqəsini də Bakıda təşkil etməkdən qürur duyduğunu və bu tədbirin ölkəmizin zəngin mədəni irsini, inkişafını və müasirliyini bütün dünyaya göstərdiyini bildirib.

Səfir Azərbaycanla Argentina arasında münasibətlərin inkişafından məmnunluğunu ifadə edib və bu xüsusda, Argentina xarici işlər naziri Hektor Timerman, elm, texnologiyalar və produktiv innovasiya naziri Lino Baranao, turizm naziri Enrike Karlos Meyer, kənd təsərrüfatı katibi Lorenzo Basso və Argentinanın digər hökumət və qanunverici orqanının nümayəndələrinin Azərbaycana səfərlərini qeyd edib.

"Öz hökumətim adından Azərbaycanda Argentina səfirliyinin təsis edilməsinə dair qərarına görə Argentina Prezidenti xanım Kristina Fernandez de Kirçnerə öz dərin təşəkkürümü bildirirəm. Bu qərar şübhəsiz ki, ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin gücləndirilməsində son dərəcə vacib rol oynayacaq", - səfir deyib.

Tədbir Azərbaycanın klassik və müasir musiqi nümunələrinin, 2009 və 2011-ci il "Eurovision" mahnı müsabiqəsində Azərbaycan nümayəndələrinin mahnılarının Argentina musiqiçiləri, müğənniləri və rəqs qrupları tərəfindən ifası, həmçinin Bakıda keçirilmiş "Eurovision 2012" mahnı müsabiqəsinin ən əsas anlarını, Azərbaycan və Bakının müvafiq görüntülərini əks etdirən xüsusi olaraq hazırlanmış videoçarxın təqdimatdan ibarət mədəni proqramla davam etib.

Tədbir Argentina mətbuatının diqqət mərkəzində olub, xüsusilə də dövlət mətbuat agentliyi olan TELAM (http://www.telam.com.ar/nota/26789/) və Argentina Milli Konqresinin rəsmi mətbuat agentliyi olan PARLAMENTARİO (http://www.parlamentario.com/noticia-45417.html) tərəfindən bu tədbir, Azərbaycanın əhəmiyyəti və Azərbaycan-Argentina əməkdaşlığının perspektivləri barədə geniş məlumatlar dərc olunub.

Xəbər lenti

Xəbər lenti