...

Eldar Mahmudov: Azərbaycanın ərazi bütövlüyünün təmin olunması hər zaman təhlükəsizlik orqanları əməkdaşlarının ən ümdə vəzifə borcudur (FOTO)

Siyasət Materials 14 İyul 2012 15:02 (UTC +04:00)
Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasında növbəti məzun buraxılışına həsr olunmuş təntənəli mərasim keçirilmişdir.
Eldar Mahmudov: Azərbaycanın ərazi bütövlüyünün təmin olunması hər zaman təhlükəsizlik orqanları əməkdaşlarının ən ümdə vəzifə borcudur (FOTO)

Azərbaycan, Bakı, 14 iyul /Trend/

Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasında növbəti məzun buraxılışına həsr olunmuş təntənəli mərasim keçirilmişdir. Nazirliyin İctimaiyyətlə Əlaqələr Mərkəzindən Trend-ə verilən məlumata görə, tədbirdə Milli Təhlükəsizlik Nazirliyinin rəhbər heyəti, təhlükəsizlik orqanlarının veteranları və məzunların valideynləri iştirak etmişlər.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin xatirəsi ehtiramla anılmış, abidəsinin önünə gül dəstəsi qoyulmuşdur. Sonra Akademiyanın Döyüş Bayrağı hərbi marşın sədaları altında sıra meydanına gətirilmişdir. Ulu öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin əziz xatirələri bir dəqiqəlik sükutla yad olunmuşdur. Azərbaycanın dövlət himni səsləndirilmişdir.

General-leytenant Eldar Mahmudov buraxılış münasibətilə məzunları, onların valideynlərini, akademiyanın professor-müəllim heyətini təbrik etmişdir. Nazir Eldar Mahmudov bildirmişdir ki, təcrübəli müəllimlərdən aldıqları biliklər, mənimsədikləri peşəkarlıq vərdişləri məzunların vəzifə borclarını layiqincə yerinə yetirmələrində onlara yaxından kömək olacaqdır. Akademiyanın təlim-tədris sistemində xeyli nailiyyətlərin əldə edildiyini söyləyən nazir Eldar Mahmudov, məzunların xidmətə başladıqları sahələrdə əzmlə çalışmalarının ulu öndərin peşəkarlıq və vətənpərvərlik məktəbinə, Heydər Əliyevin milli maraqların qorunması amallarına sədaqət göstəricisi olduğunu vurğulamışdır.

Nazir Eldar Mahmudov ulu öndərin adı və fəaliyyəti ilə bağlı hər bir amilin əziz olduğunu, nümunə və örnək xarakteri daşıdığını, 14 iyul gününün bütün Azərbaycan xalqı və dövlətçilik tarixi üçün əlamətdar olduğunu bildirmişdir. 1969-cu ilin həmin günü ümummilli lider Heydər Əliyev ilk dəfə Azərbaycana rəhbərlik etməyə və böyük siyasət aləmində fəaliyyətə başlamışdır. O vaxtdan Azərbaycan özünün yeni tarixi epoxasına qədəm qoymuş, daha geniş miqyasda gələcək müstəqil Azərbaycanın dövlətçilik əsaslarının formalaşmasına start verilmişdir.

Qeyd olunmuşdur ki, milli təhlükəsizlik orqanlarında hərbi xidmətə başlayacaq gənc zabitlər üçün buraxılış günü xüsusilə unudulmazdır. Gənc zabitlər ulu öndər Heydər Əliyevin adını daşıyan təhsil ocağını bitirməkdən qürur duymalıdırlar. Nazir Eldar Mahmudov bu xüsusi təyinatlı ali təhsil müəssisəsində qazandıqları nəzəri və praktiki biliklərin gənc zabitlər üçün gələcək fəaliyyətdə yaxşı təməl olacağını bildirmişdir.
Təhlükəsizliyin qorunmasına, ümumən milli maraqların və mənafelərin etibarlı təminatına xidmət edəcək zabitlər bilməlidirlər ki, əzm, qətiyyət, fədakarlıq, vəzifə borcuna məsuliyyətlə yanaşma və peşəkarlıq olmadan bu mümkün deyil. Akademiya gənc zabit korpusunun yetişdirilməsi kimi çətin və məsuliyyətli bir vəzifənin öhdəsindən layiqincə gəlir, təlim-tədrisin, xidmət və istirahət şəraitinin təşkili baxımından müasir tələblərə tam cavab verir. Maddi-texniki bazanın ardıcıl gücləndirilməsi, digər kompleks tədbirlər yüksək ixtisaslı kadrların hazırlanmasına, yeni nəslin əsl vətəndaş kimi yetişməsinə xidmət edir. Bütün bunlar dövlət başçısının Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının yüksək dünya standartlarına cavab verməsinə göstərdiyi xüsusi diqqətin nəticəsidir.

Nazir Eldar Mahmudov gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasına xüsusi önəm verildiyini, bunun fəaliyyətin başlıca prinsiplərindən olduğunu qeyd etmişdir. Çünki Azərbaycanın ərazi bütövlüyünün təmin olunması hər zaman təhlükəsizlik orqanları əməkdaşlarının ən ümdə vəzifə borcudur. Bu sahədə bütün mövcud imkanların səfərbər edilməsi ölkə rəhbərliyi tərəfindən qarşıya qoyulmuş bir nömrəli vəzifədir. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin bu ilin iyun ayında hərbi təhsil müəssisələrinin növbəti buraxılışına həsr olunmuş təntənəli mərasimdə dediyi kimi: "Həm dövlət, həm xalq üçün bir nömrəli məsələ Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həllidir".

Akademiyanın ötən dövrdəki fəaliyyətinin təhlili gənc zabit korpusunun yetişdirilməsi kimi çətin və məsuliyyətli bir vəzifəyə layiqincə yanaşılmasını göstərir. Azərbaycan gəncliyi daim öz üzərində dövlətin qayğısını hiss edir. Ulu öndər gənclərin hərtərəfli inkişafını ölkənin tərəqqisi üçün başlıca mənbə hesab edirdi. Bu siyasətin uğurla davam etdirilməsi gənclərin ölkə həyatının bütün sahələrində iştirakına daha geniş şərait yaradır. Artıq bir neçə ildir ki, azərbaycanlı gənclər dövlət proqramı çərçivəsində dünyanın ən nüfuzlu ali məktəblərində təhsil alırlar.

Gənc­lərə göstərilən qayğının növbəti sübutlarından biri "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının qəbul edilmə­sidir. Burada gənclərin Azərbaycan xalqının tarixi-mədəni irsinə, milli-mənəvi və dünyəvi dəyərlərə hörmət ruhunda tərbiyə olunması, fiziki və mənəvi hazırlığı məsələləri əks olunmuşdur. Gənc zabitlər də dövlət qayğısını daim hiss edirlər. Yüksək diqqət və qayğı, yaradılmış hərtərəfli şərait gənclərin yeni tələblərə uyğun olaraq əzmini və məsuliyyətini daha da artırır. Çünki onları qarşıda milli təhlükəsizliyin təmin edilməsində çətin və şərəfli xidmət gözləyir.

Nazir Eldar Mahmudov "Eurovision-2012" kimi böyük musiqi müsabiqəsinin Bakıda keçirilməsinə toxunaraq bildirmişdir ki, dövlət başçısının rəhbərliyi ilə yüksək səviyyədə təşkil olunmuş bu beynəlxalq tədbir xalqımızın mədəniyyətini, tolerantlığını və qonaqpərvərliyini bir daha bütün dünyaya tanıtdı, Azərbaycanın təhlükəsiz ölkə imicini tam nümayiş etdirdi. Son illər Azərbaycanda sivilizasiyalararası dialoqun, müxtəlif xarakterli beynəlxalq tədbirlərin, festivalların, elə bu yaxında Krans Montana Forumunun keçirilməsi ölkənin yüksək imicinin sübutu olmaqla yanaşı, təhlükə­siz­­liyin və sabitliyin səviyyəsini bariz şəkildə göstərir.

Bu gün Azərbaycan iqti­­sadiy­yatı dinamik şəkildə inkişaf edir. Möhtərəm Pre­zi­dentin söz­ləri ilə desək: "Son 8-9 il ərzində dünyada Azər­­baycan kimi inkişaf edən ikinci ölkə yoxdur". Bütün bunlar və qeyd edilmiş məqamlar qlobal və re­gional xarakterli təhdidlərin artdığı şə­rait­də milli təhlü­kə­si­z­li­yə cavabdeh orqanlardan getdikcə daha yüksək peşəkar­lıq, çeviklik və səriştə tələb edir. Bu gün Akademi­yanı bitirən leytenantlar tezliklə ölkənin təhlükəsizliyinin təmin edil­məsində layiqli yerlərini tuta­caqlar.

Milli təhlü­kə­sizlik naziri Eldar Mahmudov Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin bütün əmr və göstərişlərinin, tövsiyələrinin bundan sonra da dərhal və qüsursuz yerinə yetiriləcəyini bildirmiş və xatirələrində əbədi qalacaq bu gün münasibətilə gənc zabitləri bir daha təbrik etmiş, onlara gələcək fəaliyyətlərində uğurlar arzulamışdır.

Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının rəisinin 1-ci müavini general-mayor Şahin Sultanov çıxış edərək Prezident İlham Əliyevin milli təhlükəsizlik orqanlarına olan yüksək diqqəti, milli təhlükəsizlik naziri general-leytenant Eldar Mahmudovun gündəlik qayğısı sayəsində akademiyanın əldə etdiyi nailiyyətlərdən və inkişafından danışmışdır. General-mayor Şahin Sultanov sıralarında iki Heydər Əliyev təqaüdçüsü olan məzunların tədris müddətində daim böyük uğurlar qazandıqlarını, akademiyanın elmi, ictimai, siyasi həyatında fəal iştirak etdiklərini diqqətə çatdırmışdır.

Akademiyanın məzunu leytenant Vusal Məmmədov çıxış edərək, ümummilli lider Heydər Əliyevin adını daşıyan xüsusi təyinatlı ali təhsil ocağını bitirmələrindən qürur hissi keçirdiklərini bildirmişdir. Gənc zabit Akademiyanın kursant və dinləyicilərinə göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevə, Milli Təhlükəsizlik Nazirliyinin və akademiyanın rəhbərliyinə, müəllim kollektivinə minnətdarlıq etmiş, bütün məzunların adından Vətənə sədaqətlə xidmət edəcəklərini bildirmişdir.

Sonra milli təhlükəsizlik naziri Eldar Mahmudov Akademiyanı fərqlənmə ilə bitirən məzunlara diplomları təqdim etmişdir. Digər məzun zabitlərə də diplomlar təqdim olunduqdan sonra Akademiyanın zabit və kursantları orkestrin müşayiəti ilə hərbi marşla tribunanın önündən keçmişlər.

Tədbir Akademiyadakı "Şöhrət" Muzeyində davam etdirilmişdir. Muzeyin mərasim salonunda nazir Eldar Mahmudov Akademiyanı fərqlənmə ilə bitirən zabitlərə qiymətli hədiyyələr vermişdir. Ulu öndər Heydər Əliyevin büstünün və muzeyin önündəki abidəsi qarşısında xatirə şəkilləri çəkdirilmişdir.

Təntənəli mərasimin sonunda milli təhlükəsizlik naziri general-leytenant Eldar Mahmudov məzunların valideynlərinə yaxınlaşaraq onlarla söhbət etmiş, Vətənə belə layiqli övladlar yetişdirdiklərinə görə təşəkkürünü bildirmişdir.

Xəbər lenti

Xəbər lenti