...

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Bakıda sanatoriya tipli internat məktəbinin və yeni stadionun açılışında iştirak edib (ƏLAVƏ OLUNUB) (FOTO)

Siyasət Materials 13 Sentyabr 2012 20:09 (UTC +04:00)
Sentyabrın 13-də Bakının Xəzər rayonunun Buzovna qəsəbəsində Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı təmir olunmuş və yenidən qurulmuş 8 nömrəli sanatoriya tipli internat məktəbi istifadəyə verilib.
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Bakıda sanatoriya tipli internat məktəbinin və yeni stadionun açılışında iştirak edib (ƏLAVƏ OLUNUB) (FOTO)

Azərbaycan, Bakı, 13 sentyabr /Trend/

Sentyabrın 13-də Bakının Xəzər rayonunun Buzovna qəsəbəsində Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı təmir olunmuş və yenidən qurulmuş 8 nömrəli sanatoriya tipli internat məktəbi istifadəyə verilib.

Açılış mərasimində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin Xəzər rayonundan deputatı Mehriban Əliyeva iştirak edib.

Mehriban xanım Əliyevaya gül dəstəsi təqdim olundu. Azərbaycanın birinci xanımı məktəbin rəmzi açılışını bildirən lenti kəsdi.

Məktəbdə yaradılan şəraitlə tanış olan birinci xanıma məlumat verildi ki, bu təhsil ocağı 1962-ci ildən fəaliyyət göstərir. İndiyədək məktəbin binasında əsaslı təmir işləri aparılmamışdı. Heydər Əliyev Fondunun "Uşaq evləri və internat məktəblərinin inkişafı proqramı" çərçivəsində internat məktəbinin binasının təmirinə bu ilin martında başlanılıb. Ümumi sahəsi dörd hektar olan və 290 şagird yerlik sanatoriya tipli internat məktəbi iki hissədən - tədris korpusu və yataqxanadan ibarətdir. İkimərtəbəli tədris korpusunda xüsusi avadanlıqla təchiz olunmuş linqafon, fizika, kimya, hərbi vətənpərvərlik, əmək, kompyuter otaqları və müxtəlif fənn kabinetləri fəaliyyət göstərir. Burada həmçinin idman zalı, kitabxana, həkim otağı, 160 nəfərlik akt zalı var.

Məktəbin həyətində 200 tamaşaçı yeri olan stadion da inşa edilib. Stadionda uşaqlar idmanın müxtəlif növləri - basketbol, futbol, voleybol, tennis ilə məşğul ola biləcəklər.

Məktəbin ayrıca su anbarı var. Binada təhlükəsizlik kameraları quraşdırılıb.

Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva yataqxana korpusu ilə də tanış oldu. Üçmərtəbəli binada geniş və işıqlı yeməkxana, yuxarı mərtəbələrdə isə 10 yataq, 18 istirahət, kompyuter otaqları, həmçinin həkim kabineti var. Bu təhsil ocağında valideynlər üçün də xüsusi guşə ayrılıb. Həmin guşədə onların istirahəti və gecələməsi üçün də şərait yaradılıb.

Azərbaycanın birinci xanımı görülmüş işlərdən razılığını bildirdi.

Sentyabrın 13-də Bakının Xəzər rayonunun Binə qəsəbəsində Heydər Əliyev Fondunun təşəbbüsü ilə FİFA standartları səviyyəsində tikilmiş yeni stadion istifadəyə verilib. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyeva açılış mərasimində iştirak edib.

Mehriban xanım Əliyevaya gül dəstəsi təqdim olundu.

Azərbaycanın birinci xanımı rəmzi açılışı bildirən lenti kəsdi.

Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya məlumat verildi ki, süni ot örtüklü stadionda 600 tamaşaçı yeri, oyunları geniş formatda nümayiş etdirən monitor, hakim və həkim otaqları var. Bildirildi ki, yaxın günlərdə Bakıda 17 yaşlı qadınlar arasında keçiriləcək futbol üzrə Dünya Çempionatının iştirakçı komandaları məhz bu stadionda məşq edəcəklər.

Azərbaycanın 17 yaşlı qadınlardan ibarət milli komandasının heyəti ilə görüşən Mehriban xanım Əliyeva onlarla səmimi söhbət etdi.

Azərbaycanın birinci xanımına millimizin rəsmi köynəyi hədiyyə olundu.

Heydər Əliyev Fondunun prezidenti futbolçu qadınlarla xatirə şəkli çəkdirdi.

Meydançada Dünya Çempionatının kubokuna baxan Mehriban xanım Əliyevaya məlumat verildi ki, bu kubok qalib gələn komandaya verilir və növbəti qalibədək həmin ölkədə saxlanılır.

Azərbaycanın birinci xanımı futbolçularımıza qarşıdan gələn çempionatda uğurlar arzuladı.

Xəbər lenti

Xəbər lenti