Azərbaycan, Bakı, 15 sebtyabr /Trend/
Azərbaycan Prezidenti İlham Əliyev şənbə günü Meksika Birləşmiş Ştatlarının Prezidenti Felipe Kalderon İnoxosaya Meksikanın milli bayramı - Müstəqillik günü münasibətilə təbrik məktubu ünvanlayıb.
"Meksika Birləşmiş Ştatlarının milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.
Azərbaycan-Meksika münasibətləri son illərdə dinamik şəkildə inkişaf etməkdədir. Daim genişlənən dostluq əlaqələrimiz dövlətlərarası münasibətlərimizin möhkəmlənməsi, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımızın genişlənməsi üçün əlverişli zəmin yaradır.
Əminəm ki, ölkələrimiz arasındakı münasibətlərin inkişafı yolunda atdığımız qarşılıqlı addımlar bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir", - məktubda deyilir.
Dövlət başçısı Felipe Kalderon İnoxosaya ən xoş arzularını yetirib, dost Meksika xalqına sülh və firavanlıq diləyib.
Prezident İlham Əliyev Meksikalı həmkarına təbrik məktubu ünvanlayıb
Prezident İlham Əliyev Meksikalı həmkarına təbrik məktubu ünvanlayıb.