...

Azərbaycan-Almaniya əlaqələri genişlənir

Siyasət Materials 19 Sentyabr 2012 16:46 (UTC +04:00)
Azərbaycan Parlamenti sədrinin müavini Bahar Muradova ölkəmizdə səfərdə olan Almaniya Bundestaqının deputatı Viola fon Kramon-Taubadelin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Azərbaycan-Almaniya əlaqələri genişlənir

Azərbaycan, Bakı, 19 sentyabr /Trend/

Azərbaycan Parlamenti sədrinin müavini Bahar Muradova ölkəmizdə səfərdə olan Almaniya Bundestaqının deputatı Viola fon Kramon-Taubadelin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Milli Məclisin mətbuat xidmətindən çərşənbə günü Trend-ə verilən məlumata görə, Bahar Muradova Azərbaycanla Almaniya arasında əlaqələrin qədim tarixi köklərinin olduğunu, bu gün isə əlaqələrin yüksələn xətlə inkişaf etdiyini qeyd edib. Bildirilib ki, tarixin müxtəlif vaxtlarında xalqlarımızı birləşdirən ümumi dəyərlər çox olub və bu dəyərlərin qorunması, möhkəmlənməsi sevindirici haldır. O, Almaniyanın inkişaf etmiş, Azərbaycanın isə inkişaf etməkdə olan ölkə olduğunu diqqətə çatdırıb.

"Respublikamızın dinamik inkişafı, qısa müddətdə əldə olunan uğurlar tezliklə bizim də inkişaf etmiş dövlətlər sırasına qoşulacağımızı söyləməyə əsas verir. Bu gün Azərbaycanın qarşısında duran ən böyük hədəf də məhz budur. Bu inkişaf prosesində bizim əsaslandığımız dəyərlər demokratiya, insan haqları, tolerantlıq, söz və vicdan azadlığı ənənələrinin möhkəmlənməsidir. Ölkəmiz daha çox öz sərvətlərini insan potensialını reallaşdırmaq üçün sərf edir. Bu istiqamətdə dost ölkələrin, o cümlədən Almaniyanın çoxillik təcrübəsi bizim üçün çox əhəmiyyətlidir", - Muradova deyib.

Vitse-spiker parlament nümayəndə heyətlərimizin beynəlxalq təşkilatlarda, həmçinin ATƏT PA-da uğurlu əməkdaşlığından söz açıb, bir çox məqamlarda mövqelərimizin üst-üstə düşdüyünü vurğulayıb. O, Almaniyanın IPS - Beynəlxal Parlament Təqaüdü Proqramı çərçivəsində azərbaycanlı gənclərə xüsusi yer ayırdığına görə minnətdarlığını bildirib, bu proqramın əlaqələrimizin güclənməsində önəmli rolu olduğundan danışıb.

Bahar Muradova qonağa Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövcud vəziyyət barədə ətraflı məlumat verib. Bildirilib ki, Ermənistanın 20 faiz torpaqlarımızı işğal altında saxlaması, 1 milyon soydaşımızın yurd-yuvasından digərgin düşməsi, qaçqın həyatı yaşaması bölgənin inkişafına və təhlükəsizliyinə böyük maneə törədir.

Səmimi görüş və ətraflı məlumat üçün təşəkkürünü bildirən Viola fon Kramon-Taubadel Azərbaycanla Almaniya arasındakı münasibətlərin hazırkı səviyyəsini yüksək qiymətləndirib. O, qeyd edib ki, bu əlaqələrin daha da inkişafı üçün hər cür imkan var. Azərbaycanın öz təbii sərvətlərini insan kapitalına yönəltməsini alqışlayan xanım Kramon-Taubadel bu istiqamətdə qarşıya qoyulacaq məqsədlərin uğurla reallaşacağına əminliyini ifadə edib.

Almaniyalı deputat IPS çərçivəsində təhsil alan həmyerlilərimizə hər cür dəstək verməyə hazır olduqlarını vurğulayıb. Azərbaycanın sürətli inkişafından söz açan qonaq bu günlərdə Bakıda start götürəcək yeniyetmə qızlar arasında futbol üzrə dünya çempionatının bu inkişafın göstəricisi olduğunu da bildirib.

Dağlıq Qarabağ münaqişəsindən danışan qonaq problemin ədalətli həllinə tərəfdar olduğunu ifadə edib.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti