...

Mübariz Qurbanlı: Azərbaycanın xarici siyasəti praqmatik, çevik siyasətdir və hücum diplomatiyasına istinad edir

Siyasət Materials 26 Sentyabr 2012 13:35 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyevin diplomatik xidmət orqanları rəhbərlərinin dördüncü müşavirəsindəki proqram xarakterli nitqi ölkənin xarici siyasətinin strateji və taktiki vəzifələrini özündə əks etdirir.
Mübariz Qurbanlı: Azərbaycanın xarici siyasəti praqmatik, çevik siyasətdir və hücum diplomatiyasına istinad edir

Azərbaycan, Bakı, 26 sentyabr /Trend, müxbir E.Mehdiyev/

Azərbaycan Prezidenti İlham Əliyevin diplomatik xidmət orqanları rəhbərlərinin dördüncü müşavirəsindəki proqram xarakterli nitqi ölkənin xarici siyasətinin strateji və taktiki vəzifələrini özündə əks etdirir. Bu fikirləri Yeni Azərbaycan Partiyasının (YAP) rəsmi saytına açıqlamasında YAP icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı deyib.

O bildirib ki, ölkə başçısı nitqində Azərbaycanın müasir beynəlxalq aləmdə yeri və rolu, diplomatik xidmət orqanlarının qarşısında duran vəzifələr haqqında ətraflı şəkildə öz fikirlərini ifadə edib.

Qurbanlı vurğulayıb ki, Prezident İlham Əliyev çıxışında xarici siyasətin hədəflərini konkret şəkildə bəyan edib. Onun sözlərinə görə, Dağlıq Qarabağ probleminin həlli baxımından siyasi, hüquqi, diplomatik, sosial-psixoloji üstünlük Azərbaycanın tərəfindədir. Azərbaycan bütün mənalarda işğalçı Ermənistan üzərində üstunlüyü qazanıb.

"Azərbaycanın xarici siyasəti praqmatik, çevik siyasətdir və hücum diplomatiyasına istinad edir. Ümummilli liderimiz Heydər Əliyev tərəfindən müəyyən edilmiş ölkəmizin xarici siyasətinin hədəfləri də bəllidir. Təbii ki, Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi xarici siyasət kursu öz bəhrəsini verir. Azərbaycanın xarici siyasətinin hədəflərinin mahiyyətində ölkəmizin maraqlarını təmin etmək dayanır", - millət vəkili deyib.

Onun sözlərinə görə, Azərbaycanın xarici siyasətinin başlıca istiqamətlərindən biri də Ermənistanın Azərbaycana qarşı təcavüzünün daha geniş miqyasda ifşasına, işğalçı dövlət kimi Ermənistan əleyhinə beynəlxalq təşkilatlarda daha çox sənədlərin qəbul edilməsinə nail olmaqdır.

Qurbanlı qeyd edib ki, bu gün Azərbaycanın xarici siyasəti coğrafi baxımdan daha geniş əraziləri əhatə etməkdədir. Ona görə də, Azərbaycan Avropa ilə yanaşı, Latın Amerikası, Asiya, Afrika ölkələri ilə də əlaqələrə diqqət yetirir.

Bütün bunların diplomatik cəbhədə üstün mövqe qazanmaq baxımından əhəmiyyətli olduğunu deyən YAP sözçüsü bildirib ki, Azərbaycanın xarici siyasətindəki bu çeviklik böyük dividentlər verir.

"Bu gün Azərbaycan 150-yə yaxın ölkə ilə iqtisadi əməkdaşlıq edir. Azərbaycan Qoşulmamaq Hərəkatındadır, eyni zamanda, bir sıra beynəlxalq təşkilatlarla fəal əməkdaşlıq edir. Bütövlükdə beynəlxalq müstəvidə əlaqələrimiz daha geniş xarakter alır. Bu faktor isə xarici siyasətimizin məqsəd və vəzifələrinə uyğundur. Diplomatik xidmət orqanları rəhbərlərinin müşavirəsində dövlətimizin başçısı Azərbaycanın tam müstəqil siyasət yeritdiyini birmənalı şəkildə bəyan etdi. Ümumiyyətlə, Prezident İlham Əliyevin bu çıxışı xarici siyasətimizin perspektivləri baxımından böyük əhəmiyyət kəsb edir", - Qurbanlı vurğulayıb.

Xəbər lenti

Xəbər lenti