...

Azərbaycan AŞ PA-ya rəhbərlik etməyə hazırlaşır

Siyasət Materials 30 Oktyabr 2012 16:23 (UTC +04:00)
Artıq bu gün Azərbaycan Andora və Avstriyadan sonra Avropa Şurası Parlament Assambleyasına (AŞ PA) rəhbərlik etməyə hazırlaşır.
Azərbaycan AŞ PA-ya rəhbərlik etməyə hazırlaşır

Azərbaycan, Bakı, 30 oktyabr /Trend, müxbir M,Əliyev/

Artıq bu gün Azərbaycan Andora və Avstriyadan sonra Avropa Şurası Parlament Assambleyasına (AŞ PA) rəhbərlik etməyə hazırlaşır. Trend-in məlumatına görə, bu barədə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Azərbaycanda səfərdə olan Avropa Şurası baş katibinin müavini Qabriela Battaini-Draqoninin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə bildirib.

Seyidov deyib ki, Azərbaycanın AŞ PA-dakı nümayəndə heyəti həmişə fəal olub, öz mövqeyini, ölkəmizin problemlərini bu təşkilatın diqqətinə çatdırıb və bundan sonra da çatdıracaq.

"2005-ci ildə bu təşkilat tərəfindən Dağlıq Qarabağ münaqişəsinə dair qəbul olunmuş 1416 saylı qətnamə isə hər iki tərəfin uğurudur", - o deyib.

Seyidov qeyd edib ki, Azərbaycan Avropa Şurasının yeganə üzvüdür ki, onun 20 faiz torpağı işğal altındadır və 1 milyon vətəndaşı yurd-yuvasından didərgin düşüb.

"Təəssüf ki, bu beynəlxalq təşkilatın bəzi strukturları və bəzi nümayəndələri ölkəmizə qarşı qərəzli mövqe nümayiş etdirirlər. Dağlıq Qarabağ münaqişəsi artıq təkcə Azərbaycanın yox, həm də Avropa Şurasının problemidir və bu, təşkilatın imicinə mənfi təsir göstərir", - o deyib.

Qabriela Battaini-Draqoni görüşdə Azərbaycanın qonşuluq siyasətinin və mədəniyyətlərarası dialoqun inkişafındakı rolunu xüsusi vurğuladı. O, Avropa Şurasında Azərbaycanla bağlı fəaliyyət planının qəbul edilməsinin vacibliyini vurğulayıb və ölkəmizdə Avropa Şurasının Bakı ofisi ilə həyata keçirilən layihələrin əhəmiyyətindən danışıb.

Görüşdə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri, AŞ PA-dakı nümayəndə heyəti rəhbərinin müavini Əli Hüseynli, nümayəndə heyətinin üzvləri Sevinc Fətəliyeva, Rafael Hüseynov, Fazil Mustafa çıxış edərək qonağa yeni vəzifəsində uğurlar arzulayıblar.

Söhbət zamanı tərəfləri maraqlandıran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti