...

ARDNŞ Rüstəm İbrahimbəyovun iddialarını əsassız sayır

Siyasət Materials 15 Noyabr 2012 17:40 (UTC +04:00)
Trend-in ARDNŞ-ın rəsmi saytına istinadən verdiyi məlumata görə, son vaxtlar Rüstəm İbrahimbəyovun bir sıra müxalif mətbuat orqanlarına verdiyi müsahibələrdə ARDNŞ-nin nüfuzuna xələl gətirmək məqsədi daşıyan əsassız iddialar irəli sürülür
ARDNŞ Rüstəm İbrahimbəyovun iddialarını əsassız sayır

Azərbaycan, Bakı, 15 noyabr /Trend/

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) Rüstəm İbrahimbəyovun iddialarını əsassız sayır.

Trend-in ARDNŞ-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, son vaxtlar Rüstəm İbrahimbəyovun bir sıra müxalif mətbuat orqanlarına verdiyi müsahibələrdə ARDNŞ-nin nüfuzuna xələl gətirmək məqsədi daşıyan əsassız iddialar irəli sürülür.

"Bu müsahibələrdən açıq-aşkar görünür ki, Rüstəm İbrahimbəyovun narazılığı onunla əlaqədar olan bir neçə torpaq mübahisəsi ilə birbaşa bağlıdır. Məlum olduğu kimi, ARDNŞ tərəfindən son illərdə mədən ərazilərində və neft sənayesi infrastrukturlarının mühafizə zonalarında zəbt edilmiş torpaqlarda qanunsuz tikililərə qarşı qətiyyətli hüquqi tədbirlər həyata keçirilir. Bu tədbirlər tam hüquqi əsaslarla və ayrı-ayrı insanların şəxsiyyətinə fərq qoyulmadan aparıldığından, təəssüf ki, özünə xüsusi yanaşma tələb edən bəzi şəxslərin etirazları ilə qarşılaşır. Rüstəm İbrahimbəyovla əlaqəli torpaq mübahisələri də, bütün digər hallarda olduğu kimi, məhkəmə qərarları ilə tamamlanmış və ARDNŞ-nin qanuni mənafeyi təmin edilmişdir", - ARDNŞ-nin məlumatında deyilir.

Məlumatda qeyd olunub ki, Rüstəm İbrahimbəyov müsahibələrində iddia edir ki, "əldə etdiyi" torpaq sahələri guya "kino sahəsinin inkişafına yönəlmiş böyük bir layihə üçün" nəzərdə tutulub.

"Lakin məhkəmə araşdırmaları nəticəsində müəyyən edilmişdir ki, həmin torpaq sahələri müxtəlif şəxslərin, daha dəqiq desək, onun həyat yoldaşı İbrahimbəyova Şöhrət Salman qızının, yaxın qohumları Əfəndiyeva Lalə Kamil qızı, Əfəndiyev Erkin Orxan oğlu, Quliyeva Vahidə Həmid qızı, Hüseynov Şükür Hüseynəli oğlu, Həsənova Ülviyyə Atamalı qızı, Həsənova Ülkər Atamalı qızı, Həsənova Pərvanə Qurbanqulu qızı, Quliyev Vaqif Fərruxoviç, Həsənov Atamalı Ehtiram oğlu, Quliyev Cəmal Vaqif oğlunun, eləcə də yaxınları olan İmanova Nailə Davud qızı və Səfərov Faiq Firuz oğlunun adına fərdi yaşayış evlərinin tikilməsi üçün heç bir hüquqi əsası olmayan bələdiyyə qərarları ilə ayrılmışdır. Məhkəmə çəkişmələri zamanı o da aydın olmuşdur ki, istər bələdiyyə, istərsə də torpaq sahələrini "almış" bu şəxslər onlara qanunsuz ayrılmış torpaqların dövlət mülkiyyətində və ARDNŞ-nin daimi istifadəsində olan sənaye təyinatlı torpaq sahələrinə aid olduğunu əvvəldən bilmişlər. Bu hallar həm rayon məhkəmələrində, həm appelyasiya, həm də ali məhkəmədə hər bir iş üzrə ətraflı araşdırmanın predmeti olmuş və torpaqlar üzərində ARDNŞ-nin hüquqları öz təsdiqini tapmışdır. Göründüyü kimi, guya kino sahəsinin inkişafına aid edilən bu layihə üçün rəsmiləşdirilmiş torpaq sahələri, əslində, ayrı-ayrı adamların şəxsi məqsəd və maraqları üçün nəzərdə tutulmuşdur. R.İbrahimbəyov həmin torpaq sahələrinin faktiki olaraq ona məxsus olduğunu etiraf etməklə əslində, bu ərazilərin qeyri-qanuni əsaslarla əldə olunduğunu bir daha təsdiqləyir. Bununla kifayətlənməyən R.İbrahimbəyov özünə xüsusi yanaşma tələb edir və məqsədlərinə nail olmaq üçün "kino sahəsinin inkişafına yönəlmiş böyük layihə"ni bəhanə gətirir. Halbuki özünü ziyalı kimi təqdim etməyə çalışan o, ilk növbədə qanunlara hörmətlə yanaşmalı və özünü cəmiyyətdən fərqləndirməməli idi", - ARDNŞ-nin məlumatında bildirilir.

Qeyd olunur ki, özünə xüsusi status, fərdi yanaşma tələb edən R.İbrahimbəyovun çıxış və bəyanatları isə dövlət tərəfindən konkret məqsədlər üçün ARDNŞ-nin istifadəsinə verilmiş torpaq sahələri üzərində hüquqlardan imtina olunmasına əsas verə bilməz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti