...

Vyetnam KP MK-nın üzvü: Hanoy və Bakı şəhərlərində səfirliklərin açılması münasibətlərin inkişafına təkan verəcək

Siyasət Materials 21 Noyabr 2012 18:31 (UTC +04:00)
Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin (KP MK) üzvü, beynəlxalq əlaqələr komitəsinin rəhbəri Xoanq Bin Kuanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Vyetnam KP MK-nın üzvü: Hanoy və Bakı şəhərlərində səfirliklərin açılması münasibətlərin inkişafına təkan verəcək

Azərbaycan, Bakı, 21 noyabr /Trend/

Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin (KP MK) üzvü, beynəlxalq əlaqələr komitəsinin rəhbəri Xoanq Bin Kuanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, qonaqları salamlayan nazir müavini iki ölkə arasındakı münasibətlərin səviyyəsindən məmnunluq ifadə edib. Həmçinin, Xələf Xələfov Vyetnam nümayəndə heyətinin ölkəmizə səfərini yüksək qiymətləndirib və sözügedən səfərin ölkələrimiz arasındakı münasibətlərə təkan verəcəyinə əminlik ifadə edib.

Vyetnamlı rəsmi Xoanq Bin Kuan səmimi qəbula görə Azərbaycan tərəfinə minnətdarlıq bildirib və ölkəmizdə müşahidə etdiyi dinamik inkişafdan təsirləndiyini söyləyib, diplomatik münasibətlərin 20 il öncə qurulmasına baxmayaraq, Azərbaycanla Vyetnam arasında dostluq əlaqələrinin daha dərin tarixə malik olduğunu diqqətə çatdırıb. O, bir çox vyetnamlının Azərbaycanda təhsil aldığını xüsusilə vurğulayıb. Həmçinin, Kuan ölkəsi haqqında ətraflı məlumat verib, son 20 ildə Vyetnamın keçdiyi yol barədə danışıb.

Enerji, sosial və təhsil sahələrində Vyetnamın Azərbaycanla əməkdaşlıqda maraqlı olduğunu bildirən Kuan, bu sahədə ölkəmizin təcrübəsinin öyrənilməsinin vacibliyini vurğulayıb. Həmçinin, o, Vyetnamın beynəlxalq səviyyədə Azərbaycanın mövqeyini dəstəklədiyini vurğulayıb. Bununla yanaşı, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsi barədə razılıq əldə olunub.

Nazir müavini Xələf Xələfov ölkəmizin Vyetnamla əməkdaşlıqda maraqlı olduğunu söyləyib. Qarşılıqlı münasibətlərin inkişafına təkan verəcək amil kimi Hanoy və Bakı şəhərlərində səfirliklərin açılması göstərilib. Enerji və təhsil sahələrində əməkdaşlıq üçün bütün imkanların mövcud olduğunu qarşı tərəfin diqqətinə çatdıran Xələfov burada Azərbaycan Dövlət Neft Şirkəti ilə Vyetnam Neft və Qaz Korporasiyası arasında mövcud razılaşma, bu sahədə kadrların hazırlanmasında ARDNŞ-nin Ali Neft Məktəbinin rolundan danışıb. Eyni zamanda, Azərbaycan Diplomatik Akademiyasında təhsil üçün geniş imkanların olduğu da bildirilib.

Azərbaycanın son 20 ildə keçdiyi yol haqqında danışan nazir müavini qısa bir dövr ərzində iqtisadiyyatımızın bütün sahələrində ciddi nailiyyətlərin əldə olunduğunu diqqətə çatdırıb.

Ölkəmizin 20% ərazisinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduğu və bu işğalın nəticəsi kimi 1 milyondan artıq soydaşımızın öz doğma yurd-yuvalarından didərgin salındıqları bildirilib. Ermənistan Azərbaycan münaqişəsinin regionun inkişafı və burada davamlı stabilliyini təmin olunması üçün başlıca maneə olduğunu vyetnamlı rəsmiyə bildirən Xələf Xələfov ATƏT-in Minsk qrupunun bu istiqamətdə iş apardığına baxmayaraq, bu günə kimi nəticə olmadığını söyləyib. Nazir müavini Ermənistanın dünya birliyi tərəfindən qəbul olunmuş qərar və qətnamələrə, o cümlədən BMT TŞ-nin qətnamələrinə əməl etmədiyini bildirib və Azərbaycanın işğal faktı ilə barışmayacağını vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti