Azərbaycan, Bakı, 22 noyabr /Trend, müxbir E.Mehdiyev/
Hakim Yeni Azərbaycan Partiyası ilə Kamboca Xalqlar Partiyası arasında əməkdaşlıq haqqında protokol imzalanıb.
Trend-in məlumatına görə, imzalanma mərasimində YAP-ın icra katibi Əli Əhmədov qeyd edib ki, iki partiya Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı (ICAPP) çərçivəsində səmərəli əməkdaşlıq edir və bu gün artıq iki partiya əməkdaşlıq protokolu imzalayır.
"Hesab edirəm ki, Azərbaycanın və Kambocanın hakim partiyaları arasında belə bir əməkdaşlıq protokolunun imzalanması bir tərəfdən iki partiya arasında dialoq mühitini daha da yaxşılaşdıracaq, əməkdaşlığın genişləndirilməsinə yardım göstərəcək, digər tərəfdən isə ölkələrimiz arasında əməkdaşlığa öz töhfəsini verəcək", - Əhmədov deyib.
Protokolu YAP tərəfindən partiyanın sədr müavini Əli Əhmədov, Kamboca Xalqlar Partiyası tərəfindən isə partiyanın sədri, Kamboca Baş nazirinin müavini Sok An imzalayıb.
Sok An da, öz növbəsində, Azərbaycanda olmasından məmnun olduğunu diqqətə çatdıraraq bildirib ki, protokol iki partiya arasında və iki ölkənin xalqları arasında əməkdaşlıqda yeni bir addım olacaq. Onun sözlərinə görə, bu protokol, həmçinin iki ölkənin parlamentləri arasında əməkdaşlığın inkişaf etdirilməsinə öz töhfəsini verəcək.