Azərbaycan, Bakı, 20 dekabr /Trend/
Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanununun tətbiqi barədə sərəncam imzalayıb.
Dəyişikliyə əsasən, Məcəllənin 155.6-cı maddəsi aşağıdakı redaksiyada verilir:
Təqsirləndirilən şəxs barəsində həbs və ona alternativ qətimkan tədbirləri seçildikdə ittihamın tam həllinədək ondan şəxsiyyətini təsdiq edən pasport və ya digər sənəd götürülür və cinayət işi üzrə icraatın materiallarına əlavə olunur. Təqsirləndirilən və ya şübhəli şəxs barəsində digər qətimkan tədbiri seçildikdə, habelə bu Məcəllənin 155.5-ci maddəsində nəzərdə tutulmuş halda, cinayət təqibi üzrə materiallara şübhəli və ya təqsirləndirilən şəxsin şəxsiyyətini təsdiq edən sənədin cinayət prosesini həyata keçirən orqanda təsdiq olunmuş surəti əlavə edilir.
Nazirlər Kabinetinə üç ay müddətində Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Prezidentinin aktlarının "Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanuna uyğunlaşdırılmasına dair təkliflərini hazırlamaq və Azərbaycan Prezidentinə təqdim etmək; üç ay müddətində Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını təmin etmək və bu barədə Azərbaycan Prezidentinə məlumat vermək; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə beş ay müddətində Azərbaycan Prezidentinə məlumat vermək; həmin qanundan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanuna uyğunlaşdırılmasını təmin etməli və bu barədə Nazirlər Kabinetinə məlumat verməlidir.