...

Kiyevdə Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd edilib (FOTO)

Siyasət Materials 25 Dekabr 2012 11:11 (UTC +04:00)
Ukraynanın Kiyev şəhərində Azərbaycanın səfirliyi, Ukrayna Mədəniyyət Nazirliyi və Ukrayna Azərbaycanlıları Konqresinin (UAK) təşkilatçılığı ilə 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd olunub.
Kiyevdə Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd edilib (FOTO)

Azərbaycan, Bakı, 25 dekabr /Trend /

Ukraynanın Kiyev şəhərində Azərbaycanın səfirliyi, Ukrayna Mədəniyyət Nazirliyi və Ukrayna Azərbaycanlıları Konqresinin (UAK) təşkilatçılığı ilə 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd olunub.

UAK-dan Trend-ə daxil olan məlumata görə, tədbirdə Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli bildirib ki, Dünya Azərbaycanlılarının Həmrəylik Gününün banisi ümummilli lider Heydər Əliyev olub. O qeyd edib ki, bu bayram Azərbaycanın digər bayramlarının içərisində öz layiqli yerini tutub və bütün dünyada yaşayan azərbaycanlılar tərəfindən geniş şəkildə qeyd edilir. Mədətlinin sözlərinə görə, Konqress Ukraynada azərbaycanlılarla bağlı bütün məsələlərə dərhal öz münasibətini bildirib, həllinə səy göstərib.

UAK-ın və Ukraynadakı Azərbaycan diasporunun rəhbəri Rövşən Tağıyev isə bildirib ki, 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü azərbaycanlılar üçün böyük bir bayramdır. Onun sözlərinə görə, ölkə hüdudlarından kənarda yaşayan hər bir azərbaycanlı dərk etməlidir ki, o Azərbaycanın övladıdır.

Tağıyev qeyd edib ki, sevindirici hal ondan ibarətdir ki, bu gün Ukranada azərbaycanlı gənclər daha çox aktivlik nümayiş etdirirlər.

Toplantıda Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Surəddin Hümbətov qeyd edib ki, Ukraynda yaşayan Dünya Azərbaycanlılarının Həmrəylik Gününün yüksək səviyyədə qeyd olunması olduqca əhəmiyyətlidir. O dünyanın hər bölgəsində azərbaycalıların həmrəy olmasını vacib şərt kimi qeyd edib.

Çıxış edənlər arasında Ukraynadakı azərbaycanlıların Ağsaqqallar Şurasının sədri Firudun Məmmədov isə gənclik illərindən bu ölkədə yaşamasına rağmən azərbaycanlıların yerli xalqla olan mehriban münasibətindən danışıb.

O Ukraynada yaşayan azərbaycanlıları daim bir olmağa və bununla Azərbaycanın düşmənlərinə göz dağı verməyə çağırıb. Tədbirdə çıxış edən Ukrayna Azərbaycanlı Gənclər Birliyinin (UAGB) sədri Anar Tahirov isə bildirib ki, Ukraynada yaşayan azərbaycanlı gənclər öz fəallığı ilə seçilirlər: "Bizim gücümüz birliyimizdədir".

Tahirov deyib ki, rəhbərlik etdiyi təşkilat bundan sonra da Ukraynada yaşayan gənc həmvətənlərimizə dəstək verməyə hazırdır. Mərasimdə Ukraynanın mədəniyyət naziri Mixail Kulinyakın bu ölkədəki azərbaycanlılara ünvanladığı təbrik məktubu səsləndirilib. Tədbir Ukraynada yaşayan istedadlı azərbaycanlı gənclərin bədii çıxışları, Ukrayna rəqs kollektivlərinin çıxışları ilə davam edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti