...

Gələn il Qazaxıstandan Azərbaycana bir sıra rəsmi səfərlər planlaşdırılıb (FOTO)

Siyasət Materials 25 Dekabr 2012 13:22 (UTC +04:00)
Gələn il Qazaxıstandan Azərbaycana bir sıra rəsmi səfərlər planlaşdırılıb. 2013-cü ildə Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin, xarici işlər naziri Erlan İdrisovun Azərbaycana rəsmi səfərləri gözlənilir.
Gələn il Qazaxıstandan Azərbaycana bir sıra rəsmi səfərlər planlaşdırılıb (FOTO)

Azərbaycan, Bakı, 25 dekabr /Trend, müxbir S.Ağayeva/

Gələn il Qazaxıstandan Azərbaycana bir sıra rəsmi səfərlər planlaşdırılıb. 2013-cü ildə Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin, xarici işlər naziri Erlan İdrisovun Azərbaycana rəsmi səfərləri gözlənilir. Bu barədə çərşənbə axşamı Trend BİA-da keçirilən mətbuat konfransında Qazaxıstanın Azərbaycandakı səfiri Serik Primbetov bildirib.

"Bundan başqa, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Bişkək sammitinin qərarına uyğun olaraq, Şuranın III sammiti 2013-cü ildə Azərbaycanda keçirilməlidir", - diplomat qeyd edib.

Primbetovun sözlərinə görə, 2013-cü ilin mayında dünyəvi və ənənəvi dinlərin liderlərinin Qurultayının on illiyinin bayram edilməsi çərçivəsində Qazaxıstan parlamenti Senatının sədri Kayrat Maminin başçılığı ilə nümayəndə heyətinin Azərbaycana səfəri planlaşdırılır.

İki ölkə arasında əldə olunmuş sazişə uyğun olaraq, xarici işlər nazirlərinin müavinləri səviyyəsində XİN-lərarası siyasi məsləhətləşmələrin növbəti raundu, həmçinin Qazaxıstan və Azərbaycan arasında müqavilə-hüquq bazanın inventarizasiya məsələləri üzrə növbəti görüş 2013-cü ildə Astanada keçirilməlidir. Tədbirlərin keçirilməsinin tarixi dəqiqləşdirilir.

Səfirin sözlərinə görə, yola saldığımız 2012-ci il, əvvəlki illər kimi, iki dövlət arasında ikitərəfli əlaqələrin inkişafı və möhkəmləndirilməsi nöqteyi-nəzərindən olduqca zəngin və məhsuldar olub.

"2012-ci il dövlətlərimiz arasında diplomatik əlaqələrin qurulmasının 20 illik yubileyi ilə yadda qaldı. Bu gün inamla demək olar ki, Qazaxıstan və Azərbaycan arasında ikitərəfli münasibətlər "dinamik inkişaf edir, strateji və tərəfdaş əlaqələr kimi səciyyələnir. İki dövlət başçısının şəxsi münasibətlərinin yüksək səviyyəsi, dinamika və yüksək səviyyədə görüşlərin məhsuldarlığı, beynəlxalq və regional xarakterli bir çox aktual məsələləri üzrə vahid mövqelər, sıx ticari-iqtisadi, sosial-humanitar əlaqələr Qazaxıstan və Azərbaycan arasında ikitərəfli münasibətlərin möhkəmləndirilməsinə, pozitiv və irəliləyən inkişafa şahidlik edir", - Primbetov qeyd edib.

Səfir iki ölkə arasında mədəni-humanitar sahədə nəzərəçarpan fəal əməkdaşlığı ayrıca qeyd edib. Bu il ilk dəfə olaraq qarşılıqlı Mədəniyyət Günləri keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti