Azərbaycan, Bakı, 4 yanvar /Trend, müxbir M.Əliyev/
AXCP hələ prezident seçkisinə namizəd irəli sürməsini zamanı çatmamış məsələ hesab edir. Bu məsələdə tələsmək niyyətində deyil. AXCP seçkidə iştirak edəcəksə, öz namizədliyini irəli sürəcək, bunu Trend-ə Müsavat Partiyasının Məclisinin İsa Qəmbərin prezidentliyə namizəd kimi irəli sürməsini şərh edərkən AXCP sədrinin müavini Fuad Qəhrəmanlı deyib.
Qeyd edək ki, Müsavat Partiyası bu il Azərbaycanda keçiriləcək prezident seçkilərində iştirak barədə qərar verib. Müsavat Divanının prezident seçkilərində iştirakla bağlı tövsiyələrini məqsədəuyğun hesab edən Məclis partiyanın başqanı İsa Qəmbərin prezidentliyə namizədliyinin irəli sürülməsinə də qərar verib.
Qəhrəmanlının sözlərinə görə, AXCP müxalifət düşərgəsinin partiyalarının vahid namizədlə prezident seçkilərində iştirakının tərəfdarıdır.
"Amma eyni zamanda İctimai Palatada təmsil olunan partiyaların öz namizədlərini irəli sürməsi hüququna hörmətlə yanaşırıq. Hər bir siyasi qüvvənin proseslərə yanaşma tərzi var. AXCP üçün önəmli olan məsələ namizəd irəli sürmək yox, seçkinin demokratikliyinin təmin olunması və müxalifətin daha geniş koalisiyasının yaranmasıdır. Başqaları üçün ola bilsin, başqa məsələlər prioritetdir, bu onların öz işidir" Qəhrəmanlı bildirib.