...

Azərbaycanın hakim partiyası əsgər Ceyhun Qubadovun ölüm faktı ilə bağlı məsələyə mövqeyini açıqlayıb

Siyasət Materials 10 Yanvar 2013 17:48 (UTC +04:00)
Hakim Yeni Azərbaycan Partiyası Daşkəsəndə Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində əsgər Ceyhun Qubadovun ölüm faktı ilə bağlı məsələyə mövqeyini açıqlayıb.
Azərbaycanın hakim partiyası əsgər Ceyhun Qubadovun ölüm faktı ilə bağlı məsələyə mövqeyini açıqlayıb

Azərbaycan, Bakı, 10 yanvar /Trend, müxbir E.Mehdiyev/

Hakim Yeni Azərbaycan Partiyası Daşkəsəndə Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində əsgər Ceyhun Qubadovun ölüm faktı ilə bağlı məsələyə mövqeyini açıqlayıb.

"Hər bir əsgər bizim övladımızdır və əsgərlərimizə və ordumuza qayğı Prezidentimizin diqqət mərkəzindədir, lakin təəssüf ki, bəzən bu cür faciəvi hadisələrlə də üz-üzə gəlirik. Əlbəttə, vəfat edən əsgərin hansı şəraitdə və necə vəfat etməsi məsələsi diqqət mərkəzindədir və müvafiq açıqlamalar verilib və veriləcək", - bunu cümə axşamı Trend-ə millət vəkili, YAP-ın icra katibinin müavini Mübariz Qurbanlı deyib.

Qurbanlı bildirib ki, vəfat edən əsgərimiz hər birimiz üçün, Azərbaycan üçün itkidir.

"Biz də bundan çox məyus olduğumuzu bildiririk", - YAP rəsmisi deyib.

Onun sözlərinə görə, YAP nümayəndə heyəti vəfat etmiş əsgərin ailəsini ziyarət edib, yas mərasimində iştirak edib.

Qurbanlı qeyd edib ki, həmçinin YAP Abşeron rayon təşkilatının, YAP Gənclər Birliyinin nümayəndələri yas mərasimində iştirak edib, başsağlığı verib. Eyni zamanda, YAP-in rəhbərliyinidə olan digər şəxslər də həmin ailəyə baş çəkərək başsağlığı veriblər və bu məsələnin diqqətdə olduğunu və araşdırıldığını bildiriblər.

Qeyd edək ki, Daşkəsən rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmət edən Abşeron rayonundan həqiqi hərbi xidmətə çağırılmış 1994-cü il təvəllüdlü Ceyhun Zaman oğlu Qubadov bir neçə gün əvvəl dünyasını dəyişib.

Bəzi KİV-lər əsgərin meyitinin fotolarını yayıb, fotolarda onun xəsarətlər aldığı əks olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti