Azərbaycan, Bakı, 16 yanvar /Trend/
Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərindəki Baş konsulu Pərviz İsmayılzadə BƏƏ-nin Ras Əl-Xeymə Əmiri Səud bin Saqr Əl-Qasimi tərəfindən qəbul edilib.
Azərbaycan XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüş zamanı Baş konsul Azərbaycan Respublikası və Birləşmiş Ərəb Əmirlikləri arasında əlaqələrin yüksək səviyyədə olduğunu diqqətə çatdıraraq, ölkəmizin bu əlaqələrin hərtərəfli genişləndirilməsi və daha da möhkəmləndirilməsində maraqlı olduğunu bildirib.
Saqr Əl-Qasimi Dubay Əmirliyində Azərbaycan Respublikasının Baş Konsulluğunun fəaliyyətini alqışlayaraq, bu addımın Azərbaycanla BƏƏ-nin digər əmirlikləri arasında əlaqələrin gələcək inkişafına təkan verəcəyindən əminliyini ifadə edib və Pərviz İsmayılzadəyə fəaliyyətində uğurlar arzu edib.
Ölkəmizin BƏƏ-nin bütün əmirlikləri, xüsusilə də Ras Əl-Xeymə Əmirliyi ilə ikitərəfli əlaqələrin qurulmasında maraqlı olduğunu bildirən Pərviz İsmayılzadə bu istiqamətdə qarşılıqlı səfərlərin, eləcə də sərgi, biznes forum və digər tədbirlərin təşkilinin zəruriliyini vurğulayıb.
Görüşdə Ras Əl-Xeymə Əmirinin müşaviri Saleh Əhməd Əl-Şal, əmirliyin Ticarət və Sənaye Palatasının idarə heyətinin sədri Yusif Ubeyd Əl-Nueymi və digər rəsmi şəxslər iştirak ediblər.
Ras Əl-Xeymə Əmirliyinə səfəri çərçivəsində Baş konsul Pərviz İsmayılzadə ayrı-ayrılıqda əmirliyin Turizmin İnkişafı Departamentinin rəisi xanım Ketrin Gnilka, həmçinin İnvestisiya Departamentinin baş direktoru Peter-Mikael Şusterlə görüşüb.
Səhra, dağ və dəniz turizmi üçün əlverişli şəraitə malik olan Ras Əl-Xeymə Əmirliyində 15 yeni beş ulduzlu mehmanxananın fəaliyyət göstərdiyini və həmin mehmanxanalarda qiymətlərin qonşu Dubay Əmirliyindəki mehmanxanalardan təxminən 3 dəfə ucuz olduğunu diqqətə çatdıran Ketrin Gnilka azərbaycanlı turistlərin sözügedən əmirliyə səfərlərinin təşviq olunmasını təklif edib.
İnvestisiya Departamentinin baş direktoru Peter-Mikael Şuster isə müvafiq dəvət ünvanlanacağı təqdirdə Azərbaycanla Ras Əl-Xeymə arasında investisiya sahəsində əlaqələrin müzakirə edilməsi və qarşılıqlı sərmayə yatırımlarının həyata keçirilməsi məqsədilə cari ilin aprel ayında ölkəmizə səfər etmək istəyində olduğunu bildirib.
Səfər zamanı həmçinin, Ras Əl-Xeymə Əmirliyinin məşhur keramika zavoduna tanışlıq ziyarəti təşkil edilmişdir. Qeyd etmək lazımdır ki, sözügedən zavod bütün BƏƏ mehmanxanaları və konfrans zalları üçün keramika avadanlıqları istehsal edir.